“Hazırda regionda vəziyyətin gərginləşməsini, süni ziddiyyətlərin yaradılmasını, yaxud mövcud ziddiyyətlərin kəskin məcraya yönləndirilməsini arzulayan kifayət qədər oyunçular var”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda planlanan və peşəkarcasına qarşısı alınan terrorun pərdəarxası amillərindən və məqsədindən danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları uğur əməliyyat keçiriblər:
“Yüksək peşəkarlıqla həyata keçirilən son əməliyyat sübuta yetirdi ki, Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı atılan istənilən addımın qarşısı qətiyyətlə alınacaq. Məlum olduğu kimi, özünü “Meşə qardaşları” adlandıran terror qruplaşmasının üzvlərinə qarşı bundan öncə də əməliyyatlar keçirilib. Onlardan bəziləri ədalət məhkəməsi qarşısında dayanıblar, bəziləri isə silahlı müqavimət göstərdikləri üçün zərərsizləşdiriliblər”.
Millət vəkilinin fikrincə, o, son əməliyyatın və bütövlükdə terror qruplaşmasının aktivləşməsi ilə bağlı müxtəlif fərziyyələrin irəli sürülməsini yanlış hesab edir:
“Terror qrupları, bir qayda olaraq, radikal, ekstremist əhval-ruhiyyəli şəxslərdən istifadə edilməklə, habelə onları saxta, zərərli ideyaların daşıyıcısına çevirməklə ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları və onların idarə etdikləri beynəlxalq terror şəbəkələrinin iştirakı ilə yaradılır. “Meşə qardaşları” adlı qruplaşmanın da belə bir məqsədlə yaradıldığı istisna olunmur. Terror qruplaşmasının fəallaşmasında və terror aksiyası keçirməyə hazırlaşmasında müxtəlif qüvvələrin təhrikçi iştirakı mümkündür. Hazırda regionda vəziyyətin gərginləşməsini, süni ziddiyyətlərin yaradılmasını, yaxud mövcud ziddiyyətlərin kəskin məcraya yönləndirilməsini arzulayan kifayət qədər oyunçular var. Düşünürəm ki, istintaq bütün məsələlərə aydınlıq gətirəcək”.
Nəsimi Ələsgərli