“Tərtər işi” ilə bağlı bir neçə müddətdən sonra yenidən kimlərsə həbs olunacaq, məsuliyyətə cəlb olunacaq”.
Bunu Yenicag.az-a açıqlamasında “Tərtər işi” ilə bağlı həbslərin davam etməsi fonunda gələcək proseslərdən danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspertin sözlərinə görə, məhkəmədə şahid ifadələrinə əsaslanmayaraq yeni qərarlar verilib:
“Bu səbəbdən, məsələ çərçivəsində keçirilən məhkəmələrlə bağlı yanaşmam fərqlidir. Faktlar sadalanıb, xeyli adlar səsləndirilib. Nəzərə almaq lazımdır ki, hansısa mayor fərdi qaydada qərar qəbul etmək gücündə deyil. Biz bunu general Bəkir Orucovun da məhkəməsində müşahidə etdik. Ümumiyyətlə, Azərbaycan məhkəmələri təkmilləşməlidir. Sadəcə ad olmamalıdır, faktları Konstitusiyaya əsaslanaraq araşdırmaq lazımdır, hakimlər özbaşınalıq etməməlidir”.
Ü. Cəfərovun fikrincə, Məhkəmə Hüquq Şurasının son qərarlarına baxdıqda neçə-neçə hakimin cəzalandırıldığını görürük:
“Tərtər işi” ilə bağlı 19 nəfər bəraət alıb. Yəni məhkəmənin və müstəntiqlərin, eləcə də hərbi prokurorluğun günahı ucbatından ömrünün 5-6 ilini həbsdə keçirən insanlar var. Həmin şəxslər həm kompensasiya almalı, hakimlərin cəzalandırılmasına nail olmalıdır. Azərbaycan dövləti adından saxta qərar çıxarıb, saxta qərarlar elan etmək qəbuledilməzdir”.
Polkovnikin dediyinə görə, Sumqayıtda keçirilən məhkəmə heç bir halda məhkəmə sayıla bilməz:
“Bununla bağlı qəti etirazımı bildirmişəm. İnam Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim təyin olunandan sonra bir neçə dəfə müraciət etdim. Azərbaycanda rayon və apellyasiya məhkəmələrində hakimlərin qanunlara deyil, müəyyən maraqlara xidmət etdiyini bildirdim. Həmin hakimlərin adları da sadalandı. Bunlar Tahirə Əsədova, Xəyal Sarıyev, Ədliyyə nazirinin müavini olan Abdin Hüseynov və digərləridir”.
“Son günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlar qəbul etdiyini görürük. Amma nədənsə insanların konstitusion hüquqlarını pozan ədalətsiz hakimlər məsuliyyətə cəlb olunmurlar. Hələ də vəzifələrində qalır, hakimlik fəaliyyətini davam etdirilər. Kimisə ittiham etmək üçün faktlar, sübutlar olmalıdır, Amma məsələ ilə bağlı Bərdə korpusunun komandiri, Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər də daxil olmaqla kifayət qədər adlar sadalanıb. Yəni məsələ hələ uzun illər müzakirə mövzusu olacaq. “Tərtər işi” ilə bağlı bir neçə müddətdən sonra yenidən kimlərsə həbs olunacaq, məsuliyyətə cəlb olunacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli