!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Tərtər işi": "Müdafiə Nazirliyinin 6 idarəsinin generalı hadisə yerində olub" - Polkovnik

!Reklam – Yazi

“Şərti adı “Tərtər işi” olan hadisələr zamanı Müdafiə Nazirliyinin 6 idarəsinin generalı hadisə yerində olub”.

Bu sözləri Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması iddiası və “Tərtər işi”nin istintaqının gedişini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Bəkir Orucovla yanaşı, başqa şəxslərin də saxlanıldığı barədə məlumatlar var:

“Bəkir Orucovun saxlanılması ilə bağlı rəsmi xəbər olmasa da, bu barədə mətbuatda və sosial şəbəkədə məlumatlar yer alıb. Bəkir Orucov zamanında İkinci Ordu Korpusunun Qərargah rəisi vəzifəsini daşıyıb. 2016-ci ilin aprel döyüşlərindən sonra ona general-mayor rütbəsi verilib. Hesab edirəm ki, əgər saxlanılıbsa, istintaq qrupu bu barədə rəsmi açıqlama verəcək. Məlumata görə, onu İkinci Ordu Korpusunda casusluqla bağlı açılmış cinayət işi zamanı verilmiş işgəncələrə görə saxlayıblar. Başqa bir məlumat da ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Təhqiqat şöbəsinin rəisinin müavini də həbs edilib. Rəsmi açıqlanmadığı üçün tələsmək istəmirəm.

Onu bildirmək istəyirəm ki, şərti adı “Tərtər işi” olan hadisələr zamanı Müdafiə Nazirliyinin 6 idarəsinin generalı hadisə yerində olub. Ordu iyerarxiya ilə idarə olunduğu üçün nazirlikdən gələnlər xidməti yerində olanlardan daha çox məsuliyyət daşımalıdırlar. Hesab edirəm ki, istintaq bunu da nəzərə almalıdır.

Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, təkcə işgəncə verənlər və verilənlər yox, həm də casusluq faktı da araşdırılmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

2614
Ads
www.veteninfo.com
!Reklam – Arxiv