Tərtərdə minaatan mərmisi aşkarlandı – FOTO

Tərtərin Şıxarx qəsəbəsində 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub.

Bu barədə Yenicag.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu gün saat 16:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, yeni salınmış qəsəbənin ərazisindən keçən su arxının kənarından 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsində su arxının kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.