Tərtərdə sursat partladı – Tikinti şirkətinin əməkdaşı yaralandı

Tərtər rayonunda partlayış hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

***

Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Yenicag.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Məhsin Həsən oğlu Əsgərovun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tərtərdə sursat partlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COP29