Tərtərdə 100 mm-lik top mərmisi (OF-32) aşkarlanıb.
Bu barədə Yenicag.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilir ki, bu gün saat 11:51-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və 11:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-32) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.