Reklam: High Technic
hightechnic

Tərtərdəki mal-qaranı kim zəhərləyir? - İDDİA

Tərtərdə qısa müddət ərzində 500-dən çox heyvan tələf olub. Yerli fermerlər bunu ölkəyə gətirilən dərman preparatlarının keyfiyyətsiz olması ilə əlaqələndiriblər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında son zamanlar heyvanlar arasında tələf olma hallarının artmasının məhz keyfiyyətsiz dərmanlardan istifadədən qaynaqlandığını təsdiqlədi:

“Son zamanlar rayonlarda mal-qara və quşların tələf olması halları artıb. Bəlli olub ki, kənd təsərrüfatı mütəxəssisləri, baytar həkimlər profilaktik tədbirlər görsələr də onun müsbət nəticəsi olmayıb. Hətta xəstəliklərə qarşı dərman preparatlarından istifadə edilməsinə baxmayaraq, heyvanlar sağalmır və tələf olur. Bu vəziyyət ondan xəbər verir ki, mal-qara üçün ölkəyə gətirilən dərman preparatlarının keyfiyyəti aşağıdır. Bu barədə dəfələrlə fermerlər də, mətbuat da həyəcan təbili çalıb. Buna baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi hələ də susur. Qurum tərəfindən həmin keyfiyyətsiz dərmanların kimlər tərəfindən ölkəyə gətirilməsi istiqamətində hər hansı bir araşdırma aparılmır. Keçirilən tenderləri kimlərin udduğu, xaricdən həmin dərmanların gətirilməsi işini kimlərin həyata keçirtdiyi məsələsi şəffaf deyil. Nə qədər vəsait ayrıldığı və onun hansı şirkətlər tərəfindən həyata keçirilməsi prosesi də şəffaf olmalıdır. Amma bu günə qədər həmin sahədə şəffaflığı müşahidə etməmişik. Nəticədə, ölkə üzrə heyvanların tələf olması prosesi baş verir.

Bir sıra mətbuat orqanlarında səslənib ki, heyvanlar üçün dərman preparatlarının gətirilməsində bəzi Azərbaycan məmurlarına yaxın olan ermənilərin də əli var. Belə halların olması da mal-qara üçün gətirilən dərmanların keyfiyyəti ilə bağlı haqlı şübhələrə əsas verir. Bunu edənlər yalnız azərbaycanlı olsa da belə, dövlətimizi istəməyən adamlardır. Bizə isə keyfiyyətsiz dərmanlarla bağlı məsələni araşdırmağa imkan vermirlər. Kəndlərə gedib, məsələni yerlərdə araşdırmaq üçün yerli orqanlarla razılaşdırmaq gərəkdir. Belə məhdudiyyətlərin nəticəsidir ki, ölkəyə keyfiyyətsiz dərmanların gətirilməsi və onun əsasında da mal-qaranın tələf olmasının artması halları çoxalıb”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

84