“Test müayinələri üçün niyə yalnız 3 özəl klinikaya icazə verilib?” – Ekspertdən AKTUAL SUAL

“Ölkəyə cavabları bir neçə dəqiqə ərzində hazır olan ekspress-testlər gətirilməlidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanda koronavrus infeksiyası ilə mübarizədə atılması zəruri olan addımları dəyərləndirən Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov bildirib.

Qalib Əsədov vurğulayıb ki, koronavirus tipli infeksiyalara yoluxanların real sayı açıqlanan rəqəmlərdən daha çox olduğu üçün ehtiyat tədbirlərinin gücləndirilməsinə ehtiiyac var:

“Hazırda ətrafımızda COVİD-19 virusuna yoluxmuş xəstələr dolaşır, bizimlə birlikdə nəqliyyatda, marketlərdə, apteklərdə ətrafdakıları yoluxdurmaqda davam edirlər. Bu baxımdan, Azərbaycanda bütün peşəkarlar – virusoloqlar, farmakoloqlar, səhiyyə təşkilatçıları, sözün hər mənasında bu işin biliciləri virusla mübarizəyə cəlb olunmalıdır. Bu, bizim ümumi işimizdir.

Eyni zamanda, ölkəyə cavabları bir neçə dəqiqə ərzində hazır olan ekspress-testlər gətirilməlidir. Bütün risk qrupları (sürücülər, market, aptek, səhiyyə işçiləri), sonra isə hər kəs bu testdən keçirilməli və populyasiyada bu virusun nə dərəcədə yayılması araşdırılmalıdır. Hazırda istifadə olunan PZR testlərinin cavabı bir neçə gündən sonra hazır olur.

Bu bir neçə gündə COVİD -19 virusuna yoluxmuş xəstə ətrafdakıları yoluxdurmaqda davam edir. Həm də bəzən xəstədə klinik əlamətlər olduğu halda, testin cavabı neqativ olur. Bu halda o şəxs təcrid olunmur və müalicəsiz qalır”.

Qalib Əsədova görə, koronavirus testində qiymətlər hər kəs üçün münasib həddə olmalıdır. Çünki özünü, ailəsini yoxlatdırmağa hər kəsin imkanı yoxdur:

“Test müayinələri üçün niyə yalnız 3 özəl klinikaya icazə verilib? Hətta pullu olsa da, qiymət hamı üçün əlçatan olmalıdır. Hazırda aparılan test müayinələrin qiyməti çox yüksəkdir. Test yoxlamalarının dövlət poliklinikalarında aparılması məqsədəuyğundur.

TƏBİB müalicə protokolunu bir daha nəzərdən keçirməlidir. Hazırda bu protokolda dünyanın heç bir yerində istifadə olunmayan “Arbidol” qeyd olunub. Bütün dünyada isə “Remsedevir”, “Favipiravirin” daha effektiv olması müəyyən olunub. Bu dərmanlar apteklərdə də olmalıdır. Evdə müalicə alan xəstə bu dərmanları hardan alsın? Bu gün apteklərdə hətta vitamin qıtlığı müşahidə olunur. Apteklər bu dərmanlarla, xüsusi N95 maskaları ilə təhciz olunmalıdırlar”.

Mediada viruslar haqqında ekstrasenslərlə müğənnilərin deyil, mütəxəssislərin danışmasının vacibliyini qeyd edən ekspert bildirib ki, canlı yayımlarda insanların suallarına aydın cavab verilməlidir:

“Həmçinin Təcili Yardım Xidmətinin işinin keyfiyyətini artırmaq üçün bütün resurslar işə salınmalıdır. Hazırda 103 xidməti bütün çağırışları çatdıra bilmir. Ciddi narazılıqlar əmələ gəlməyə başlayıb.

Təcrübə göstərir ki, qayda-qanunlara hörmətlə yanaşan cəmiyyətlərdə tezliklə bu bəlanın qarşısı minimum itkilərlə alınıb. Cəza yolları vasitəsilə yox, başqa yollarla hər kəsə mövcud vəziyyəti başa salmaq və qaydaları gözləməyi xahiş etmək lazımdır”.

Gülşən Şərif