COVİD-19-dan şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə deyil, poliklinikalara müraciət etməsi məsələsi yalnız Bakıya aiddir.
Yenicag.az xəbər verir ki, bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupun üzvü Nabil Seyidov Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün ölkədə COVİD-19-a şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün poliklinikalara müraciət etməsinə ehtiyac yoxdur:
“Hazırda yalnız Bakı şəhərində poliklinikalar tərəfindən testlər aparılır. Bakıdan başqa digər bölgələrdə COVİD-19-la bağlı testlərin götürülməsi, pasiyentlərin müayinəsi əvvəlki qaydada həyata keçirilir. Həmin ərazilərdə testlərin götürülməsi ilə bağlı müraciətlər 103 və ya İcbari Tibbi Sığorta Agentliyinin COVİD-19-la bağlı yaratdığı 1542 “Qaynar xətti” vasitəsilə həyata keçirilir”.
N.Seyidov qeyd edib ki, bölgələrdə mərkəzləşdirilmiş regional laboratoriyalar var. 103 tərəfindən və ya COVİD-19 üçün ayrılan xəstəxanalarda götürülən bütün analizlər həmin laboratoriyalara göndərilir və orada yoxlanılır.