Tətil günlərində şagirdləri yoran EV TAPŞIRIQLARI: “Daha çox əyləncə və istirahət xarakterli fəaliyyətə…”
“Finlandiyalı şagirdlər daha az ev tapşırığı yerinə yetirsələr də, dünyada ən yaxşı nəticələrdən birini göstərirlər”.
Bu fikirləri tətil və bayram günlərində şagirdlərə verilən ev tapşırıqlarının çoxluğuna münasibət bildirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, tətil müddətində şagirdlər üçün daha çox əyləncə və istirahət xarakterli fəaliyyət növlərinə üstünlük verilməlidir:
“İlk növbədə qeyd edim ki, şagirdin ev tapşırıqlarını yerinə yetirmə dərəcəsi onun savadının, təhsildə uğur qazanmasının göstəricisi deyil. Amma müəyyən araşdırma nəticəsində məlum olub ki, hər axşam iki-üç saat ev tapşırığı edən şagirdlər imtahanlarda ev tapşırığı etməyən şagirdlərə nisbətən 10 dəfə daha yaxşı nəticə göstərirlər.
Dünya təcrübəsində tətil vaxtı ev tapşırıqlarına münasibət fərqlidir. Məsələn, Finlandiyada tətil dövründə Böyük Britaniya məktəblərinə nisbətən daha az ev tapşırıqları verilir. Həm də üstəlik, o ölkələrdə əlavə özəl hazırlıq anlayışı da yoxdur. Finlandiyalı şagirdlər məktəbdə az vaxt keçirirlər, daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.
Xüsusi ilə qeyd edim ki, ev tapşırığının şagirdlərin uğur qazanmasında həqiqətən də, ciddi rol oynadığını göstərən “güclü dəlillər” var. Amma əsas məsələ odur ki, biz evə nə qədər və hansı fənlərdən tapşırıqlar veririk. Tətil vaxtı ibtidai sinif şagirdlərinə isə ümumiyyətlə, ev tapşırığı vermək yaxşı hal deyil.
Yaxşı olar ki, tətil müddətində şagirdlərə hoppanmaq, qaçmaq, barmaqların gimnastikası, kəndlərə, meşə və zooparklara gəzinti kimi fəaliyyət növlərinə üstünlük verilsin. Həmçinin tövsiyə edirəm ki, məktəblilər tətil müddətində dərs yox, bədii kitablar oxusunlar”.
Nuray Məmmədzadə