“Bakıya yaxın məsafələrdə yerləşən bölgələrə, xüsusilə, Şamaxı və Qalaaltıya daha çox tələbatın olduğu nəzərə çarpır”.
Bu fikirləri qarşıdakı tətil günləri ilə əlaqədar ölkənin hansı istiqamətlərinə daha çox turist axınının gözlənildiyi haqda danışan ekspert Ceyhun Aşurov Yenicag.az-a açıqlamasında deyib.Onu sözlərinə görə, 5 günlük tətil müddətində Azərbaycanın müxtəlif bölgələrinə, həmçinin xarici ölkələrə ciddi turist axını gözlənilir:
“Vətəndaşların bir hissəsi xarici səfərlər üçün öncədən bilet alıb. Bu çərçivədə qonşu ölkələrə təşkil edilən 3-5 günlük turlara maraq daha çoxdur. Eyni zamanda, ölkədaxili istiqamətlərə də turist səfərlərinin kifayət qədər çox olacağı gözlənilir.
Bütün bunları nəzərə alan turizm bölgələrindəki otellərin bir qismi müştərilər üçün xüsusi təkliflər hazırlayıblar. Bakıya yaxın məsafələrdə yerləşən bölgələrə, xüsusilə, Şamaxı və Qalaaltıya daha çox tələbatın olduğu nəzərə çarpır. Bununla yanaşı Qəbələ və Gəncə zonalarına da axın olacağı istisna edilmir. O istiqamətlərdə sürət qatarlarının işləməsi də bu seçimə ciddi təsir göstərir.
Qeyd olunanlardan başqa, İsmayıllı-Şəki yolunda təmir işlərinin davam etməsi həmin bölgələrə turist səfərlərini azalda bilər. Buna görə də o bölgələrdəki otellər müştərilərə daha sərfəli təkliflər hazırlamağa çalışırlar. Həmçinin yol infrastrukturunun yaxşılaşdırılması Cənub istiqamətinə də turist axınını gücləndirib”.
Nuray Məmmədzadə