Texnologiya çağında Azərbaycanın informatika fənni PROBLEMİ: “Hazırlıqlı müəllimlərin azlığı…”

“Gələcəyin ixtisası olan informatika fənninin keyfiyyətli tədrisi təmin edilməlidir”.

Bu fikirləri Azərbaycanın orta məktəblərində informatika fənninin tədrisi ilə bağlı vəziyyəti dəyərləndirən təhsil üzrə ekspert Kamran Əsədli  Yenicag.az-a öz açıqlamasında deyib.Onun sözlərinə görə, böyük məbləğdə vəsait ayrılmasına baxmayaraq, məktəblərin keyfiyyətli kompyuterlərlə təminatında ciddi problem var:

“Hal-hazırda 4 min 432 məktəbdə 1,6 milyon şagird təhsil alır. Çox təəssüf ki, indi 1-ci sinifdən 11-ci sinfə qədər şagirdlərə keçilən informatika fənninin tədrisi çox aşağı səviyyədədir.

Bunun bir neçə səbəbi var. Onlardan biri məktəblərə verilən kompyuterlərin sayının uzun illər şagirdlərın sayına uyğun olmamasıdır. Azərbaycan məktəblərində 2010-cu ildə hər min şagirdə 33 kompyuter düşürdüsə, indi hər bu göstərici hər 11 şagirdə 1 kompyuter həddindədir.

Təbii ki, informatika fənni üzrə nəzəri məlumatlar kompyuter olmadan tədris edilə bilməz. Digər tərəfdən, artıq bu ildən qəbul imtahanlarına informatika fənni də daxil edilib. Bu da bəhs olunan fənnin hansı səviyyədə tədris edildiyini ortaya çıxardı. Fakt budur ki, proseslərin avtomatlaşdırılması, kompyuter elmləri, kompyuter mühəndisliyi, informatika müəllimliyi ixtisası üzrə cəmi 200 bal da yetərli oldu.

Bu nəticənin əsas səbəbi məktəblərdə bu fənnin tədrisi ilə bağlı ixtisaslı müəllimlərin çatışmaması və yekunda şagirdlərin həmin fənni zəif mənimsəmələridir. Bu gün Azərbaycanda informatika fənnini yüksək səviyyədə tədris edə biləcək müəllimlərimizin sayı çox deyil.

Məktəblərdəki kompyuterlərin texniki imkanları çox aşağıdır. Bütün bu nöqsanların aradan qaldırılması üçün müəllimlər mütəmadi təlimlərə cəlb edilməli, məktəblər, sürətli optik internetə çıxışla təmin olunmalı, savadlı müəllimlərin sayı artırılmalıdır. Gələcəyin ixtisası olan informatika fənninin keyfiyyətli tədrisi təmin edilməlidir”.

Aysel Hüseynqızı

COP29