“Texnologiyanın bu dərəcədə inkişafı, sosial şəbəkələrin həyatımıza bu qədər çox daxil olması, ümumiyyətlə, fərdin texnokölə olması insanın sağlamlığına zərərdən başqa heç nə gətirmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında texnologiyanın inkişafının zərərləri və gələcəkdə yarada biləcək fəsadları haqda danışan sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, “hər yenilik kəşf ediləndə və insanların istifadəsinə veriləndə həmin yenilikdən insanların faydalanması naminə istifadə edilir:
“Yəni, kəşflər insanlara xidmət etməlidir, fərdlər kəşfə yox. Texnologiyanın bu dərəcədə inkişafı, sosial şəbəkələrin həyatımıza bu qədər çox daxil olması, ümumiyyətlə, fərdin texnokölə olması insanın sağlamlığına zərərdən başqa heç nə gətirmir. Bu gün insanların hərəkəti minimuma enib, qidalanma tamamilə qeyri-sağlam qida üzərində formalaşıb. Biz nə vaxt qeyri-sağlam qidalanma formasına keçid etdik, biz nə vaxt oturaq həyat tərzinə keçdik? Bax, bunların hamısı texnologiyanın həyatıma girəndən və yavaş-yavaş fərdləri öz əsarəti altına alandan sonra baş verdi. Pandemiyanın özümüzdə yaratdığı mənfi təsirlərdən danışanda texnoloji əsarəti nədənsə diqqətdən kənarda saxlayırıq. Pandemiyanın bizə verdiyi ən böyük zərərlərdən biri də kiçikdən böyüyə, cavandan yaşlıya qədər texnologiyadan asılı etməyi oldu. Dərslər onlayn müstəviyə keçdi, smartfonla tanış olmayan uşaqlarda bu sayədə tanış oldu, bu səbəbdən müəllimlər öz ənənəvi dərs üsulunu yadırğadı və normal həyat tərzinə qayıtdıqdan sonra, hətta o zaman onlar nəinki ənənəvi dərs metodlarını, texnologiyanın inkişafını, istifadəsini daha çox mənimsədilər”.
Sosioloq qeyd edib ki, böyüklər nəyi nə cür edirsə, uşaqlar da onu ən yaxşı təqlid edənlərdir:
“Uşaqlar öz valideynlərindən daha çox zəmanəsinə bənzəyir. Hazırki durumda da uşaqlar öz zəmanəsinə, həm də o zəmanəyə kölə olan valideynlərinə oxşayır. Biz texnologiyanın inkişafı ilə sağlamlığımızı, sağlam psixologiyamızı, ünsiyyətimizi itirdik. Demək olar ki, sosiallaşmırıq. Sosiallaşan qisim isə yalnız bunu onlayn qaydada edir. Bu gün qonşumuza, doğmamız ilə üz-üzə ünsiyyət saxlamaqdansa, ona zəng etməyi daha üstün tuturuq. Əvvəlki illərdə valideynlərimizi ziyarət etsək də, indi telefonla danışmaqla kifayətlənirik. Ona görə də artıq geriyə qayıtmağın bir yolu olmadığına görə “inkişafı” bir qədər də ləngitmək olar. Artıq dünyada robot insanlar, hətta robot işçilər ixtira edilir. İnsan faktoru demək olar ki, dünyadan, əmək bazarından silinir. Bu, bu gün inkişaf etmiş ölkələrdə tətbiq olunursa bir azdan bu bizim kimi ölkələrə də ayaq açacaq”.
İsmayıl Bakuvi