Azərbaycan Müdafiə Nazirliyi: “Avqustun 23-ü saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgen Alaverdyan əsir götürülüb. Cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Ermənistan Müdafiə Nazirliyi susur…
Çünki düşmən ordusunda xidmət edən əsgər və zabit heyətinin həyati əhəmiyyəti yoxdur. Onlar əsgərləri müalicəyə göndərməyən ordu strukturudur. Belə olmasaydı, diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın “itməsi” 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq, gizlədilməzdi, bu barədə ictimaiyyətə məlumat verilərdi. Verilmirsə, bu, Ermənistan ordusundakı daxili intizamsızlıqdan və özbaşınalıqdan yaranan qeyri-döyüş itkilərinin gizlədildiyini göstərir.
Ermənistanda məlumatlar məqsədli şəkildə gizlədilir
Ermənistanda təkcə hərbi kontingentə deyil, eləcə də cəmiyyətə – vətəndaşlara hörmətsizlik nümayiş etdirilir. Bu, ilk belə hal deyil, daha əvvəl də çox sayda oxşar hadisələrin şahidi olmuşuq. Bu səbəblə, erməni əsgər və zabit ailələri davamlı etiraz aksiyaları keçirir, sosial şəbəkələrdə və mətbuatda müxtəlif formada şikayətlərini bildirirlər.
Yalnız Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatından və KİV-də yayılan çox sayda xəbərlərdən sonra avqustun 23-ü saat 22:01 radələrində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat yayır: “Avqustun 22-də saat 19:30 radələrində zabit Qurgen Alaverdyan əlverişsiz hava şəraiti səbəbindən itkin düşərək yoxa çıxdı. Axtarışlar aparılır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı təxribat mesajı dezinformasiyadır. Azərbaycan reallığı təhrif edir”.
- Əsir hərbçidir, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiridir;
- O, hərbi geyimdədir;
- Üzərində müdafiə və hücum xarakterli əşyalar var.
Aydındır ki, o, xüsusi tapşırığı yerinə yetirmək üçün Azərbaycanın ərazisinə keçən erməni zabitidir, təxribatçıdır. Bu faktı isə Ermənistan Müdafiə Nazirliyi hələ də zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından yolu azdığını deməklə təkzib edir. Hərbi ekspertlərin də dediyi kimi, onlar zabitin ruhi xəstə, çoban, yaxud sərxoş olaraq, yolunu azdığını desəydilər, bu, daha az gülməli olardı. İndiki – sübutlar olduğu halda isə cəbhə xəttini keçərək başqa dövlətin ərazisinə daxil olub təxribat törətmək, atəşkəs rejimini pozmaq hazırkı iqtidara da qismət olmadı.
Həmin gün isə Tovuz hadisələrində qəhrəmanlıqla həlak olan şəhidlərimizin 40-cı günü idi
Sözdə özünü sülh carçısı kimi təqdim etməyə çalışan Paşinyan əslində, status-kvo məsələsini qoruyub saxlamaq üçün bütün imkanlarını səfərbər edən yarıtmaz ölkə rəhbəridir. Hər gün atəşkəs rejimini pozan Ermənistan Tovuz hadisələrindəki məğlubiyyətini yeni təxribat forması ilə kompensasiya etmək istəyirdi. Hər formada yarınsa da, Tovuz hadisələrində istədiyi qədər beynəlxalq dəstək ala bilməyən Paşinyanın daxildə üzləşdiyi təzyiqlər, siyasi qüvvələrin hakimiyyətə qarşı açıq təhdidləri onu adəti üzrə yeni təxribat törətməyə məcbur etdi. Paşinyanın yeni təxribatına zəmin yaradan uğursuzluqlarını bu formada sıralamaq olar:
- BMT Baş Assambleyasında Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılmasına mane ola bilmədilər;
- Düşmənin iyul təxribatının qarşısı alındı;
- Diaspor terroru fiaskoya uğradı;
- Paşinyanın “HardTalk” verilişindəki uğursuzluğu yüksək səviyyədə olmayan imicini minimuma endirdi.
Paşinyana lazım olan Qarabağ ətrafında yeni münaqişə görüntüsü yaratmaq idi. Bununla da o, daxildə sakitlik yaradacaq və beynəlxalq diqqəti yenidən regiona yönəldəcəyini güman edirdi. Lakin Azərbaycan Ordusunun ayıq-sayıqlığı və çevikliyi sayəsində bütün planlar alt-üst oldu.
24 avqust 2020-ci il, saat 18:48
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayır: “Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.
Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyaları ictimaiyyətə təqdim edirik”.
24 avqust 2020-ci il, saat 20:45
Ermənistan Müdafiə Nazirliyi təkzib edir…
“Azərbaycan həqiqətləri təhrif edir və çox keçmədən həqiqət bərqərar olacaq. Azərbaycan hərbi dairəsi Qurgen Alaverdyana məxsus olduğu iddia edilən əsgər texnikasının fotolarını yayımlayıb”.
Bu, həyasızlığın son həddidir. Bu, azmış kimi, erməni ombudsman iddia edir ki, guya Azərbaycan tərəfi əsirlə davranışda Cenevrə Konvensiyalarının tələblərini pozur. Əgər Cenevrə Konvensiyaları ilə yanaşsaq, Qurgen Alaverdyan hərbi əsirdir. Hərbi əsir isə döyüşən dövlətlərin Silahlı Qüvvələri ilə birbaşa əlaqədar şəxs hesab olunur.
Erməni ombudsmana sual vermək lazımdır ki, bəs beynəlxalq hüququn əsas mənbəyi hesab olunan Cenevrə Konvensiyaları və digər beynəlxalq hüquqi aktların silahlı münaqişələr zamanı mülki şəxslərin girov götürülməsini və saxlanılmasını qadağan etməsinə baxmayaraq, niyə Dağlıq Qarabağ münaqişəsində erməni tərəfinin davranışlarında bunun tam əksini müşahidə edirik? Erməni ombudsmana bu statistikanı da xatırlatmaq lazımdır: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2018-ci il avqustun 1-ə 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır. İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə (uşaq – 67 nəfər, qadın – 265 nəfər, qoca – 324 nəfər) mülki şəxslərdir. Əsir və ya girov götürülməsi barədə məlumatlar daxil olan şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşkil edir. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə (uşaq – 29 nəfər, qadın – 98 nəfər, qoca – 112 nəfər) mülki şəxslər təşkil edir.
Yaxın keçmişə baxsaq, 6 ildir öz torpaqlarında girov kimi saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevi, həmin gün güllələnərək öldürülən Həsən Həsənovu zərərçəkən kimi göstərə bilərik. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı öz torpaqlarında – Kəlbəcərdə girov götürüldülər. İşğal altında olan Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz məhkəmə quruldu. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olundu. Yüzlərlə faktdan biri kimi bu, Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq pozulması deyilmi?
Torpaqları işğal olunan, hər gün təxribatlara məruz qalan, atəşkəs rejimi düşmən hücumu ilə pozulan Azərbaycan əsirlərə belə yumşaq davranarkən, Ermənistan girov götürdükləri mülki vətəndaşlara qarşı qəddar, amansız davranıb onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetirir. Mülki əhalinin girov götürülməsi qadağasını pozan da, həlak olan əsgərlərin qarşı tərəfə verilməsindən imtina edən də, onların cəsədlərini təhqir edən də, mülki əhalini işgəncələrə məruz qoyan da, bütün beynəlxalq normaları tapdayan da Ermənistanın özüdür. /Mediapost.az/