Təxribatın arxasında Rusiyadırsa, Qərb niyə bizə qarşı çıxır? – TƏHLİL

12-13 sentyabr təxribatının arxasında Rusiyanın, hətta İranın dayanması haqda ciddi arqumentlər, mülahizələr var. Azərbaycan cəmiyyəti əmindir ki, 50 hərbçimizin həyatına son qoyan bu təxribatın ideya və əməl müəllifi Rusiyadır. Yaxşı, belədirsə, niyə Qərb özünü Rusiyanın şilləvuranı yerinə qoyub? Son iki gündür Avropa ölkələrindən, ABŞ-dan Azərbaycana qarşı bəyanatlar, təhdidlər, sürüşkən tövsiyələr səsləndirilir, ünvanlanır.Qərb dairələri davranışlarını Rusiya ilə sinxronlaşdırıb, üstümüzə gəlir. Bir-biri ilə düşmən, rəqib olan güclər Qarabağ mövzusunda dərhal birləşirlər. Dünyada ikinci belə nümunə tapa bilmərik. Ən böyük problemimiz budur!

Mövzu Qarabağdırsa, səhnəyə dərhal Rusiya-İran-ABŞ-Avropa kvarteti çıxır.
Fəqət ruhdan düşməyə əsasımız və ixtiyarımız yoxdur. Azərbaycan tarixi sərhədlərinin bərpası prosesində kimsəsiz, arxasız, müttəfiqsiz deyil. Birincisi, çox şükür, bu məsələdə xalqla dövlət arasında heç bir fikir ayrılığı yoxdur. əksinə, iki il öncə Tovuz döyüşlərində olduğu kimi, cəmiyyət indi də dövlətdən tələb edir ki, düşmənin başını əzsin.

İkincisi, Türkiyə siyasəti, diplomatiyası, hərbi ilə bizi dəstəkləyir. İstər 44 günlük müharibə dövründə, istər müharibədən sonra Türkiyə ilə Azərbaycan “Tək dövlət-tək millət-tək ordu” formatında birləşib.

Üçüncüsü, Orta Asiya dövlətləri ilə da münasibətlər üst səviyyədə qurulub. KTMT-nin sonuncu iclasında Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın Azərbaycanın mövqeyini sona kimi müdafiə etmələri haqda dolaşan informasiyalar olduqca mühüm məqamlardan xəbər verir. Deyilənə görə, məhz o mövqeyin sayəsində KTMT-nin onlayn iclasının yekun sənədində ölkəmizə qarşı sərt və amirənə ton dəyişdirilib.

Dördüncüsü, İsrail, Pakistan kimi qüdrətli və bölgədə söz sahibi dövlətlərlə də münasibətimiz, əməkdaşlığımız, müttəfiqliyimiz yüksək səviyyədə qalmaqda davam edir.
Nəhayət, ilk baxışdan Rusiya, İran, Avropa, ABŞ-la münasibətlərdə elə dərin çatlar yoxdu. Hər sahədə əməkdaşlıq edilir. Amma və lakin ən kritik məqamda bu dördlük Azərbaycanın əleyhinə anındaca birləşirlər. Bölgədə ikinci qüdrətli türk-müsəlman dövlətinin meydana gəlməsi (Qarabağ məsələsinin birdəfəlik həlli Azərbaycanın böyüməsini, güclənməsini şərtləndirir) bu dördlüyü əsrlərdir qorxu, rahatsızlıq içində saxlayır.

Qarabağla bağlı sonuncu görüş Brüsseldə oldu. 31 avqustda Avropa İttifaqının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin sayca dördüncü görüşü keçirildi. Sülhə hazırlıq prosesinin başlandığı elan edildi. Üstündən 2 həftə keçməmiş Ermənistan sərhəddə təxribat törətdi, nəticədə 50 hərbçimiz həlak oldu. Bu, həm də Qərbə, Avropa İttifaqına, onun mövqeyinə, imzasına vurulan zərbə idi. Bəs nədən bunun üstündən Azərbaycana qarşı mövqe sərgilədi Qərb?
Çıxarılmalı olan dərslər var – nə Rusiyaya güvənmək olar, nə Qərbə. Heç birindən sülh gözləməyə dəyməz. Sülhü biz təşkil etməli, onun şərtlərini qarşı tərəfə özümüz qəbul etdirməliyik. Beynəlxalq hüququn imkan verdiyi şəkildə ərazi bütövlüyümüzün bərpası istiqamətində işlər dayandırılmamalıdır.

İlham Əliyev ona görə bütün güclərlə – Rusiya, Avropa İttifaqı, ABŞ, İran və s. münasibətləri eyni məsafədə saxlamağa çalışır. Heç kimlə açıq konfrontasiyaya getmir. Düzdür, prezident həddi keçən dövlətləri zaman-zaman sərt şəkildə tənqid edir. Bunun xaricində heç kimə bəhanə də vermir ki, açıq şəkildə ölkəmizin əleyhinə çıxsın. Oğrun, gizlin nələrsə edirlər, amma Azərbaycanın əl-qolunu bağlayan addımlara əl atmağa bəhanələri, əsasları yoxdur. Özündən tam asılı vəziyyətə salmaq üçün ölkəmizə qarşı sanksiya tətbiq etmək üçün ürəyi gedənlər çoxdur. Əsas da kollektiv Qərbin ovcu qaşınır bu pisliyi bizə etmək üçün. Sadəcə bəhanə verilmir onlara. Prezident Əliyevin diplomatiyası ilə hərb siyasəti tam üst-üstə düşür, hər ikisi mükəmməldir.
13-14 sentyabr olaylarından sonra Azərbaycanda yenidən xalq-dövlət birliyinin şahidi olduq. Millət öz şəhidlərinə sahib çıxdı, onların vida mərasiminə minlərlə vətəndaşımız qatıldı. Sosial şəbəkələrdə bu birliyə zərər vurmaq istəyənlərin niyyəti yenə də ürəklərində qalacaq.

Ermənistan isə həm hərbi baxımdan, həm ictimai-siyasi baxımdan yenidən böhrana girib. Azərbaycanla savaşıb, sonra hər şeyin normal axarda davam etməsi Ermənistan üçün mümkün deyil. Necə ki bunu 44 günlük müharibə zamanı bir dəfə yaşadı düşmən ölkə. İndi yenə yaşamaqdadır.

Ermənistan ümumiyyətlə normal yaşamaq istəyirsə, sülh masasına oturacaq. Azərbaycanın təklif etdiyi bütün şərtlərlə razılaşacaq. Rusiyanın, İranın, Qərbin ayrı-ayrı dairələrinin müvəqqəti, aldadıcı vədlərinə, dəstəklərinə arxayın olub Azərbaycanla savaşması mümkün deyil. Bu böyük türk coğrafiyasında kiçik və gücsüz Ermənistan çox acizdir. Başını salamat saxlamaq istəyirsə, əlini, dilini dinc saxlayacaq. Məşhur şeirin bir misrasını azca dəyişdirib, Ermənistan üçün deyirik: “Elə qürrələnmə, hər yanın bizik”…