Təyyarə qəzasında həlak olanlar dəfn edildi – VİDEO

helak olanlar teyyareƏfqanıstanda baş vermiş təyyarə qəzasında həlak olan 7 nəfərdən 3-ünün meyiti bu gün ailəsinə təhvil verilib.

Patoloji Anatomiya Birliyində keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən 3 meyitin kimliyini müəyyən edilib. Daha iki nəfərin meyiti üzərində isə ekspertiza davam etdirilir. Şəxsiyyətləri müəyyənləşən kimi bu iki cənazənin də ailələrinə təhvil veriləcəyi gözlənilir.

Qəza zamanı həlak olan Firdövsi Şahverdiyevin və Azər Zülfiyevin cənazələri səhər saatlarında təhvil verilib. Onlardan biri Gəncə şəhərində, digəri isə Xızıda torpağa tapşırılıb. Bort mühəndisi Nadir Rzayevin cənazəsi isə ailəsinə təhvil verilərək yaşadığı H. Z. Tağıyev qəsəbəsinə aparılıb.

50 yaşın astanasında olan N.Rzayev 26 il imiş ki, bort mühəndisi vəzifəsində çalışırmış. Bir günə qayıdacağını deyən bort mühəndisi 5 gündən sonra evinə tabutda dönüb.

May ayının 18-də Əfqanıstanın Dvayer hava limanında yerli vaxtla saat təxminən 14:30-da “An-12” təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb.

Dvayerə Baqrandan gələn təyyarə yanacaq doldurulması üçün Türkmənistanın Mari şəhərinə yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Göyərtədə olan 9 ekipaj üzvündən 7-si dünyasını dəyişib. Onlardan 5-i Azərbaycan, digər iki nəfər isə Özbəkistan və Ukrayna vətəndaşlarıdır.

Təyyarədə olan iki nəfər sağ qalıb. Bunlar Ukrayna vətəndaşları Andrey Qanja və Rəmzi Əliyevdir. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir. (Ans)