Təyyarədə sürətli “Wi-Fi” olacaq

“Emirates” aviaşirkəti “Thales” kommunikasiya şirkəti ilə birlikdə 2020-ci ilədək təyyarə reyslərində internetin sürətini dəfələrlə artırmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu, “GX Aviation” məlumat türmə texnologiyasının tətbiqi sayəsində mümkün olacaq.

Aviaşirkət nümayəndələrinin sözlərinə görə, sürətin 50 meqabit saniyəyədək artırılması nəzərdə tutulur. Tərəflər arasında imzalanan sazişə əsasən, 150 “Boeing 777X” təyyarəsi və 165 “Boeing 777s” hava gəmisinin göyərtəsi yeni ötürücülərlə təchiz ediləcək.

Qeyd edək ki, hazırda “Emirates” sərnişindaşıma bazarında liberal tariflərə malik aviaşirkətlərdən biridir. Şirkət birinci sinif və biznes sinfi sərnişinləri üçün limitsiz internet, eləcə də bütün müştərilərə 20 meqabit pulsuz trafik təqdim edir. Son bir neçə ildə şirkət hava “Wi-Fi” şəbəkəsinə 200 milyon dollardan çox vəsait xərcləyib. Statistikaya görə, ay ərzində xidmətdən 800 minə yaxın sərnişin istifadə edir.