“Təyyarənin axtarışı küləyə görə dayandırılsa da, türkiyəli ekspertlər ərazidə işləyir” – Qabil Hüseynli
“Hazırda təyyarənin düşə biləcəyi ərazi kimi yeni sahə müəyyənləşdiriblər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsi, eləcə də pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışının gedişatı haqda məlumat verən hərbçinin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, təyyarənin düşdüyü ehtimal olunan ərazidə aparılan axtarışlar nəticə verməyib: “Hazırda təyyarənin düşə biləcəyi ərazi kimi yeni sahə müəyyənləşdiriblər. Gedib soruşuruq, maraqlanırıq, ancaq bizə heç nə demirlər. Cavabları konkret bundan ibarətdir ki, axtarışlar davam etdirilir. Hava da elə bil, Allahın lənətidir, sakitləşmək bilmir. Küləyə görə təyyarənin axtarışı bu gün dayandırılıb. Ancaq dəvət edilmiş türkiyəli ekspertlər ərazidə işləyirlər”.
Səxavət Məmməd