TFF-dən qalmaqallı oyunla bağlı qərar

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın 23-cü turunda keçirilən “Qalatasaray”-“Adana Demirspor” matçındakı qalmaqalla bağlı qərarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bazar günü oynanılan qarşılaşmanın 12-ci dəqiqəsində baş hakim Oğuzxan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alpərlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər.

Bildirilib ki, “Adana Demirspor” klub rəhbərliyinin tələbi ilə bu addımı atıb.

Görüşdən sonra oyunun VAR hakimi Yakob Sandberq həmin mübahisəli penalti epizodunda O. Çakırı monitora dəvət etmədiyinə görə tənqid olunub.

Türkiyənin “Sabah” nəşrinin yaydığı məlumata görə, TFF VAR hakimliyi üçün Danimarkadan gətirilən Yakob Sandberqə Superliqanın matçlarına təyinat verməmək qərarına gəlib.

O, bir daha ölkənin əsas çempionatında iş başında olmayacaq.