“The Peninsula” qəzeti Heydər Əliyev haqqında yazdı

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.

Yenicag.az xəbər verir ki, məqalədə Azərbaycan xalqının 10 may tarixində ümummilli liderləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmiş böyük tarixi lider olduğu diqqətə çatdırılıb.

Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Onun 1923-cü ilin 10 may tarixində Azərbaycanın Naxçıvan şəhərində doğulduğu bildirilərək, Heydər Əliyevin1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunduğu, 1982-ci ildə isə Sovet İttifaqının rəhbər vəzifələrindən birinə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduğu nəzərə çatdırılıb.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq, həmin illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın Heydəri Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdiyi xatırlanaraq, onun 1993 və 1998-ci illərdə iki dəfə ölkə Prezidenti seçildiyi diqqətə çatdırılıb. Heydər Əliyevin ölkəsinin müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.

Yazıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və aktiv fəaliyyəti sayəsində ölkənin Şərq-Qərb arasında etibarlı körpü rolunu oynadığı və dünyanın ən dinamik iqtisadiyyatına sahib dövlətlərdən birinə çevrildiyi nəzərə çatdırılıb./Lent/