“The Telegraph”dan cəfəng xəbər – “Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək istəyirlər”

“The Telegraph” nəşrinin Azərbaycanla bağlı səsləndirdiyi cəfəng və sərsəm, heç bir əsası olmayan fikirlər, ilk növbədə, ölkəmizə qarşı həyata keçirilən düşmənçilik və təxribat pozuculuq cəhdlərinin növbəti davamıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi təhlilçi “The Telegraph” İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı dərc etdiyi sensasion məqalədən söz açıb.

Onun sözlərinə görə, pozuculuq fəaliyyəti ilə məşğul olan bəzi siyasi dairələr bu kimi həqiqətə olmayan məlumatlar yaymaqla həm Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu ləkələmək istəyirlər, həm də Azərbaycanı Cənubi Qafqazda güc sahibi kimi görmək istəmirlər:

“Onlar Azərbaycan üzərindən bu oyunları oynayaraq, bölgədə gərginlik yaratmaq niyyətindədirlər. Bu, eyni zamanda, həm də İran-Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş bir addımdır, eləcə də İsrail-Azərbaycan münasibətlərinə müəyyən zərbə vurmaq cəhdləridir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, o. ərazilərimizə heç bir ölkənin silahlı qüvvələrinin hərbi kontingentinin yerləşdirilməsinə icazə verməyib. Azərbaycan heç bir zaman üçüncü ölkəyə öz ərazisini plasdarm kimi verərək digər bir ölkəyə qarşı ondan istifadə edilməsinə imkan verməyib və verməyəcək. Dövlətimizin birmənalı mövqeyi bundan ibarətdir və biz bunu qoruyub saxlayacağıq”.

S. Kərimliyə görə, Azərbaycan uzun illər işğal və hərbi təxribatdan, təhdiddən əziyyət çəkmiş bir ölkədir:

“Bu gün biz öz ərazi bütövlüyümüzü bərpa edərək, Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik mühiti yaratmağa çalışmışıq. Hətta yeni reallıqlar da yaratmışıq və bunu qətiyyətlə idarə edirik. Fikrimcə, dünyaya sülh, barış mesajı verən bir ölkənin bu cür yaramaz və həqiqətə uyğun olmayan məsələlərdə ittiham olunması yolverilməzdir”.

Xatırladaq ki, nəşrin sözügedən məqaləsində qeyd olunmuşdu ki, guya İran prezidenti Məsud Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin. Lakin Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünür və rəsmi Tehrandan açıqlama gözləyirlər.

Rafi Müslümov

COP29