Xəbər verdiyimiz kimi, 15 sentyabrdan etibarən Azərbaycanda məktəb və ali təhsil müəssisələrində dərslərin ənənəvi formada keçirilməsi planlaşdırılır.
Yenicag.az xəbər verir ki, ali məktəblərdə tələbələrin ənənəvi formada dərslərə qatılmaları üçün onlardan vaksin olunduqları barədə təsdiqedici sənəd tələb edilir.
Azərbaycan Tibb Universiteti (ATU) də tələbələrə bu barədə xəbərdarlıq edib. Maraqlısı isə budur ki, universitet vaksin olunmayan şəxsləri “akademik məzuniyyət götürməyə” məcbur edir.
“Vaksin olunmayan tələbə dərsə buraxılmayacaq. Əgər tələbə vaksin olunmaq istəmirsə, universitetdə akademik məzuniyyət götürməlidir!” – deyə universitet tərəfindən tələbələrə tələb irəli sürülüb.
Bundan əlavə, universitetdə təhsil alan, lakin Azərbaycanda olmayan xarici tələbələrin dərslərinin distant formada həyata keçiriləcəyi, ölkədəki xarici tələbələrin isə ənənəvi formada dərsə qoşulmaq məcburiyyətində olduqları vurğulanıb.
Bildiyimiz kimi, koronavirus əleyhinə vaksin vurdurmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Buna görə də vaksin olunmaq istəməyən tələbələri akdemik məzuniyyət götürməyə məcbur etmək həmin şəxslərin hüququnun pozulmasıdır. Universitet vaksin olunmayan tələbələrə onlayn şəkildə dərslərə qoşulma imkanı yaratmalıdır.
Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi sözügedən məsələ ilə bağlı dərhal ictimaiyyəti məlumatlandırmalı, ATU timsalında digər univerisitetlərin özbaşınalığına son qoyulmasını təmin etməlidir.
Aqil Bəkir