“Deməli, biz daha çox gələcəyimizi yox, bu günümüzü düşünürük”.
Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində Azərbaycan əsilli namizədlərin sayının cəmi 2 olmasının səbəblərinə toxunan professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəblərindən biri Türkiyədəki soydaşlarımızın siyasi fəaliyyətdə aktiv olmamalarıdır:
“Bu məsələ qardaş Türkiyənin daxili siyasi vəziyyətinin tərkib hissəsi olduğuna görə, mən mövzu haqqında sadəcə, bir ziyalı olaraq mövqe bildirmək istəyirəm.
Türkiyədə parlament seçkilərində Azərbaycan əsilli namizədlərin sayının çox az olması faktdır. Bu da görünür onunla bağlıdır ki, oradakı soydaşlarımızın siyasətə marağı aşağı səviyyədədir.
Başqa sözlə desəm, ticarətdə fəal olduğumuz qədər siyasətdə də aktivlik göstərsəydik, belə vəziyyət yaranmazdı. Ancaq unutmayaq ki, ticarət bu gün üçün, siyasət isə gələcək üçündür. Deməli, biz daha çox gələcəyimizi yox, bu günümüzü düşünürük. Başqa izah verməyə çətinlik çəkirəm.
Vaxtilə Ümummilli lider Heydər Əliyevin keçirdiyi iclasdakı çıxışımda siyasətin riyazi şəklindən bəhs etdim. Bildirdim ki, sözlər hərflərin birölçülü, rənglər ikiölçülü, səslər isə üçölçülü fəzadakı düzülüşüdür.
Yəni fəzalar artdıqca, məzmun da mürəkkəbləşir. O baxımdan, bir ölkədə şairlərin sayı minlərlə, rəssamların sayı yüzlərlə, bəstəkarların sayı isə onlarla ifadə olunur. Siyasət isə üçü məkan, biri isə zaman olan dördölçülü fəzaya aid fəaliyyətdir. Bu səbəbdən, ümumiyyətlə, dünyada siyasi dühaların sayı da çox deyil”.
A.Zeynalov