Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tiflis Bakının əsəbləri ilə oynayır: “Bu siyasətin arxasında İvanişvilinin biznesi dayanır”

“Gürcüstan Azərbaycanın enerji layihələrindən böyük dividentlər götürsə də, buna adekvat siyasət yürütmür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstanın Rusiyadan Ermənistana təbii qaz nəqli üçün yeni müqavilə imzalamaq təklifini, o cümlədən, Rusiyanın Gürcüstanın enerji bazarında liderliyi ələ almasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze ötən həftə Azərbaycanda da diqqət mərkəzində saxlanılan bir məsələyə dair mövqeyini açıqlayıb. Məlum olduğu kimi, 2018-ci ilin dekabrında Rusiyadan Ermənistana Gürcüstan ərazisi vasitəsilə təbii qazın nəqlinə dair tranzit müqaviləsinin müddəti başa çatıb.

Azərbaycanda hesab olunurdu ki, Gürcüstan Bakının mövqeyini nəzərə alaraq, öz ərazisindən işğalçı Ermənistanın təbii qazla təminatı üçün istifadə olunmasına imkan verməyə bilər. Lakin bu məsələyə dair açıqlama verən Mamuka Baxtadze Tiflisin vaxtı bitmiş müqaviləni yeniləməyə hazır olduğunu bəyan edib.

Digər tərəfdən, Gürcüstan hökumətinin açıqladığı məlumata əsasən, qonşu ölkənin yanacaq bazarında liderlik Rusiyanın əlinə keçib. Başqa sözlə desək, Gürcüstan ötən il ən çox Rusiyadan yanacaq idxal edib. Bəhs olunan bu iki məqam Gürcüstanın Azərbaycana münasibətdə “strateji tərəfdaşlıq” prinsipinə əməldə deyil, sözdə riayət etdiyini göstərir.

Qabil Hüseynlinin sözlərinə görə, Gürcüstan Azərbaycandan götürdüyü faydanın qarşılığını verməkdənsə, qarşılıqlı münasibətlərə mənfi təsir göstərən addımlar atır:
“Gürcüstanla Rusiya arasında Ermənistana təbii qazın nəqlinə dair müqavilə müddətli anlaşma idi və Tiflis bunun qarşılığında tranzit haqqını təbii qazla alırdı. Ancaq məlum olduğu kimi, Gürcüstan özünün ümumilikdə enerji ehtiyaclarını demək olar ki, Azərbaycanın əsas layihələri – Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa və TANAP üzrə tranzit öhdəlikləri əsasında ona verilən yanacaqla təmin edirdi.

Bundan başqa, Azərbaycan qarşılıqlı müqavilələr əsasında, çox sərfəli qiymətə Gürcüstana neft, neft məhsulları və təbii qaz da ixrac edirdi. Hətta qış aylarında ixracatın həcmi tələbəta uyğun olaraq artırılırdı.

İndi isə Rusiya Gürcüstanın yanacaq bazarında önə keçirsə, bu, əlbəttə ki Gürcüstan hökumətinin, daha doğrusu, Rusiyada beş milyard dollar sərvəti olan Bdzina İvanişvilinin siyasətinin nəticəsidir.

Bildiyim qədər, Gürcüstan Rusiya ilə Ermənistana təbii qazın nəqlinə dair yeni müqavilə imzalamağa hazırdır. Tiflis bu dəfə tranzit xərcləri üçün Rusiyadan təbii qaz yox, pul tələb edir. Əvəzində isə öz ehtiyaclarını ödəmək üçün Azərbaycanın təklif etdiyindən daha baha qiymətə Rusiyadan təbii qaz almağı hədəfləyir.

Yəni bütün bunlar onu göstərir ki, İvanişvilinin nəzarət etdiyi Gürcüstan hökumətinin Rusiyanın maraqlarına qarşı çıxacağı gözlənilmir. Müzakirə etdiyimiz həm birinci, həm də ikinci məsələ bu məqamdan qaynaqlanır. Bu siyasətin arxasında isə İvanişvilinin biznesi dayanır”.

A.Zeynalov

Loading...

www.yenicag.az

1884
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100