Gürcüstanın paytaxtı Tiflisdə keçirilən xüsusi əməliyyat və bu zaman İŞİD terror qruplaşmasının ən təhlükəli üzvlərindən olan Əhməd Çatayevin məhv edilməsi artıq ikinci gündür ki, ekspertlər arasında ən çox müzakirə olunan mövzudur.
Müstəqil ekspertlər arasında belə bir fikir dolaşır ki, Qafqazda radikalların fəallaşması Qərbin Türkiyə və Rusiya arasındakı əməkdaşlığa mane olmaq cəhdidir. Qeyd edək ki, son bir neçə ay ərzində rəsmi Ankara və Moskva arasında əlaqələr o qədər irəliləyib ki, hətta Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb. Bu isə Qərbdə çaşqınlıq yaradıb.
Yenicag.ru dünya gündəmini zəbt edən məsələni şərh etməsi üçün ekspertlərə müraciət edib.
Vasiko Qviati
Gürcüstanlı ekspert Vasiko Qviati hesab edir ki, bu barədə danışmaq üçün hələ tezdir. Belə ki, sözügedən əməliyyatın detalları hələ ki, məlum deyil. Onun sözlərinə görə, əməliyyat zamanı məhv edilən terrorçunun kimliyi hələ ki, heç nədən xəbər vermir:
“Odur ki, nəsə nəticə çıxarmaq üçün tezdir. Bəziləri bu hadisəni Rusiya ilə əlaqələndirirlər. Lakin bu, hələ yalnız ehtimallardır”.
Denis Korkodinov
Sözügedən hadisəni və bu fonda yaranan fərziyələri şərh edən rusiyalı ekspert Denis Korkodinov qeyd edib ki, 2017-ci il noyabrın 22-də Tiflisdə İŞİD terror qruplaşmasının Gürcüstandakı qolunun lideri olan beynəlxalq terrorçu Əhməd Çatayev (Tək qol Əhməd) məhv edilib:
“Rəsmi Tiflisin nümayəndələrinin fikrincə, terrorçular ölkə ərazisində silsilə əməliyyatlar keçirməyi planlaşdırıblar. Aydındır ki, onların bu cəhdi beynəlxalq rezonans yaranmasına, ilk növbədə də Rusiya və Türkiyədən reaksiyaya hesablanıb.
Yaxın Şərqdə məğlubiyyət yaşayan İŞİD terror fəaliyyətini reallaşdırmaq üçün səylə yeni meydanlar axtarır. Cənubi Qafqaz bu mənada unikal meydandır. Belə ki, burada İslam geniş yayılıb. Belə bir dini atmosferdə radikal islamçılar çox asanlıqla “buxarlana” və yeni həmfikirlər tapa bilərlər.
Cənubi Qafqaz və Yaxın Şərq ölkələri sırasında Gürcüstan İŞİD terror qruplaşmasının hələ də poliqona sahib olduğu dövlətdir. Bu ərazi sözün əsl mənasında həmsərhəd dövlətlərdə dinc əhali arasında xaos və ikitirəlik yayanlarla “qaynayır”.
Bu da sözsüz ki, Rusiyanı qorxudur. Çünki Gürcüstan onunla həmsərhəddir və İŞİD-in Gürcüstan vasitəsilə Rusiyaya daxil olmaq riski böyükdür”.