“Tik-Tok”da canlı yayım açıb, qəlyan çəkdilər – Həbs edildilər / VİDEO

Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektləri aşkarlanıb.

DİN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Xırdalan şəhərində yerləşən “Tüstü” çay evində qəlyandan istifadə və bunun “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq nümayiş etdirilməsi barədə məlumat daxil olub.

Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Rüfət Qarayev polislər tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmə tərəfindən Rüfət Qarayev barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib.

Çay evində qəlyandan istifadə edərək sosial şəbəkələrdə yayımlayan bir nəfər isə cərimə olunub.

Xırdalan şəhərində keçirilən daha bir tədbir zamanı “Rich club” çay evində də müştərilərin mütəmadi olaraq qəlyandan istifadə etdiyi müəyyən edilib. Tədbir zamanı orada qəlyandan istifadə edən iki müştəri cərimə olunub. Obyektin icarədarı Murad Hacıyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.