Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) cəbhə bölgəsinə yaxın ərazidə yaşayan insanlara növbəti dəfə yardım göndərib.
Yenicag.az xəbər verir ki, TİKA və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birlikdə həyata keçirdiyi kampaniya əsasında növbəti yardım cəbhəyanı əraziyə göndərilib.
TİKA-nın Bakı Proqram Koordinatorluğunun binasında keçirilən yüklərin yolasalınma mərasimində Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, TİKA Bakı Baş koordinatoru Teoman Tiryaki, Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan, “Yeni Çağ” Media Qrupu rəhbəri Aqil Ələsgər iştirak edib.
Jurnalistlərə açıqlama verən “Qaçqınkom”un sədr müavini Fuad Hüseynov Türkiyə-Azərbaycan qardaşlığının dünya üçün örnək olduğunu bildirib.
“Bu gün bir daha Azərbaycan və Türkiyə qardaşlığı təcəssüm edir. Azərbaycan dövləti olaraq Türkiyəyə öz dərin təşəkkürümüzü bildiririk. Biz Türkiyənin həmişə mənəvi və psixoloji cəhətdən dəstəyini hiss etmişik. Həqiqətən də Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün bir nümunədir”, – deyə o qeyd edib.
Türkiyə səfiri Ərkan Özoral Türkiyənin Azərbycana olan dəstəyinin yalnız qardaşlıqdan qaynaqlanmadığını, həm də Azərbaycanın haqlı mübarizəsindən dolayı olduğunu vurğulayıb:
“Bu gün burada TİKA tərəfindən Azərbaycanın işgaldan azad edilən torpaqlarına yaxın ərazidə yaşayan insanlara yardım məqsədilə gətirilən ərzaqların təhvil verilməsi üçün yığışmışıq.
Biz Türkiyə olaraq Azərbaycanın yaxşı, pis günlərində, sevincindən, kədərində yanındayıq. Bizim bu dəstəyimiz yalnız qardaş olduğumuza görə deyil, bu həm də Azərbaycanın haqlı mübarizəsindən və haqq yolunda olmasından qaynaqlanır”.
Daha sonra yüklər təyinatı üzrə yola salınıb.
Aqil Bəkir
Cavid Qaçayev