Tikinti bazarında material qıtlığı: Proses nə qədər davam edəcək? – İqtisadçının proqnozu

“Rusiyanın müəyyən sanksiyalara məruz qalması və Ukrayna ərazisində müharibənin olması tikinti materiallarının ölkəyə gətirilməsində bir sıra əngəllərə yol açıb”.

Bu sözləri tikinti materialları bazarındakı mövcud vəziyyəti dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, hazırda əksər tikinti materiallarında bahalaşma var və bunun səbəbi regionda baş verən proseslərlə bağlıdır:

“Adətən, məhsula tələbat artanda və ya həmin məhsulun bazarda qıtlığı baş verdikdə bahalaşma müşahidə olunur. Hazırda ölkəmizdə tikinti materiallarına olan tələbatda artım yoxdur. Sadəcə regionda baş verən proseslər, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü nəticəsində iqtisadi problemlər yaranıb. Rusiyanın müəyyən sanksiyalara məruz qalması və Ukrayna ərazisində müharibənin olması tikinti materiallarının ölkəyə gətirilməsində bir sıra əngəllərə yol açıb. Ona görə də tikinti bazarında material qıtlığı yaranıb və bu, bahalaşmaya yol açır. Bu prosesin uzun müddət davam edəcəyini düşünmürəm. Regionda vəziyyət stabilləşəndən sonra əvvəlki iqtisadi münasibətlər öz yoluna düşəcək”.

Tikinti materiallarının bahalaşmasının fərdi yaşayış evlərinin qiymətinə mümkün təsirlərinə də toxunan Vüqar Oruca görə, qiymət tənzimlənməsi təkcə materialların qiymətinə bağlı deyil:

“Mənzillərin qiymətinin bahalaşmasına təsir edən amillərdən biri ölkənin iqtisadi vəziyyətidir. Ölkəyə investisiya yatırımı nə qədər yüksək olarsa, iqtisadiyyat da bir o qədər inkişaf edir. Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizə investisiya qoyuluşu azalıb. Digər amil makroiqtisadiyyatla bağlıdır. Ölkədə milli valyutanın alıcılıq qabiliyyəti aşağı düşürsə, bu halda qiymətlər avtomatik qalxır. Əvvəllər Azərbaycanda manat daha dəyərli idisə, bu gün alıcılıq qabiliyyəti müəyyən qədər aşağıdır. Əsas amil isə tələb və təklif arasındakı asılılıqdır. Hazırda kirayə bazarında tələbat daha çoxdur. Ona görə də kirayə evlərin qiyməti bahalaşıb. Məlumdur ki, Azərbaycan inkişaf etməkdə olan bir ölkədir və iqtisadiyyatın inkişafı daşınmaz əmlak bazarında qiymətlərin hələ uzun müddət aşağı düşəcəyinə imkan vermir. Qiymətlər ya stabil olaraq qalacaq, ya da müəyyən artımlar müşahidə olunacaq. Təbii ki, bu proqnoz hansısa fors-major hallara aid deyil”.

Gülşən Şərif

COP29