Reklam

Reklam

Azərbaycanın tikinti sektorunda illərdir hökm sürən özbaşınalıq artıq ən yüksək səviyyədə etiraf olunur.

Yeniçağ.Az xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun ölkə vətəndaşlarının ən çox şikayət etdikləri sahələr üzrə apardığı təsnifatda tikinti sektoru öndə gəlir.

Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun vətəndaşların ötən ilə aid şikayət, müraciət və təkliflərinin konkret istiqamətlər üzrə geniş təhlil apardığı məqaləsində tikinti şirkətləri ilə bağlı narazılıqlara xüsusi yer verilib:

“2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara verilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir”.

Süleyman İsmayılovun haqqında danışılan məqaləsində vətəndaşlara problemlər yaradan tikinti şirkətlərinin geniş siyahısı da yer alıb. Qeyd edək ki, həmin siyahıda adları göstərilən tikinti şirkətlərinin uzun illərdir, yol verdikləri qanunsuzluqlar daim mətbuatın diqqət mərkəzində olub, bu barədə saysız-hesabsız tənqidi materiallar dərc edilib. O baxımdan, Prezident Administrasiyası rəsmisinin məqaləsində neqativ planda təqdim olunan tikinti şirkətlərinin adları və qanunsuz əməlləri bizim üçün yenilik deyil:

“Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik”.

Müəllif fəaliyyətlərində qanunsuzluqlar aşkarlanan bir sıra tikinti şirkətləri və onların rəhbərləri barəsində ciddi ölçü götürüldüyünü də diqqətə çatdırıb:

“Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılmış, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilmişdir. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların – “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılmış, bu cinayət işlərinin bəzisi artıq yekunlaşmış, təqsirli şəxslər cəzalandırılmışdır”.

Təbii ki, “cəzalandırılanlar” siyasında adı çəkilən “Real MTK”nın rəhbəri İlham Qasımov vətəndaşlara qan udduran tikinti bossları arasında xüsusilə seçilir. Qeyd edək ki, İlham Qasımov bu şikayətlər əsasında 15 il azadlıqdan məhrum olunub.

Məqalədə adı əks olunan tanınmış tikinti şirkətlərindən biri də “Kristal Abşeron” –dur. Tikinti sektorunda özünü qısa müddətdə kifayət qədər məşhurlaşdırmağı bacaran “Kristal Abşeron”dan ev almağa peşman olan vətəndaşların sayı kifayət qədərdir. Cəlbedici reklamları ilə geniş alıcı kütləsi toplamağa nail olan bu şirkət də vətəndaşlara problem yaratmağı sanki özünün kredosuna çevirib. “Kristal Abşeron”la bağlı şikayətlərin əsas xəttini reklamda və konkret müqavilədə göstərilən şərtlər arasında ciddi fərqlərin olması təşkil edir. Yəni öz reklamlarında göstərdikləri sərfəli şərtlərlə alıcıya “gəl-gəl” deyən şirkət alqı-satqı zamanı üzünü xeyli “bozardır”. Bundan başqa, “Kristal Abşeron”un manatın devalvasiyasından sonra ödənişlərdə “dollar rejimi”nə keçidi və 10 illik kredit müddətini 15-20 ilə qədər uzatması oradan mənzil almış vətəndaşları çətin vəziyyətə salıb. Eyni zamanda manatın ucuzlaşmasını əsas götürən bu şirkət bəzi kommunal xidmətlərin qiymətlərini artırmaqdan da çəkinməyib. Mətbuatda bu şirkətlə bağlı narazılıqlara dair tənqidi materialların intensivləşməsi “Kristal Abşeron”un soyğunçu fəaliyyətini davam etdirdiyini göstərir.

Vətəndaş narazılığının əsas ünvanları sırasında “xüsusi” yeri olan tikinti şirkətlərindən biri də “AAAF inşaat”dır. Xırdalanda böyük bir ərazidə çox sayda binalardan ibarət yaşayış kompleksi inşa edən bu şirkətə yönələn şikayətlərin də ardı-arası kəsilmir. Şirkətin inşa etdiyi binaların tikinti standartları baxımından keyfiyyətsizliyi, yarıtmaz kommunal xidmətləri üçün yüksək qiymətlərin müəyyənləşdirilməsi və “sayğac fırıldaqları” “AAAF inşaat”dan narazılıqların əsasını təşkil edir. Binaların əksəriyyətində təbii qaz və elektrik enerjisi təminatı yox səviyyəsindədir. Sakinlərin yüksək məbləğdə qaz və işıqpulu ödəmələrinə baxmayaraq, mənzillərin normal qızdırılmır. Bundan başqa, çox geniş ərazini əhatə edən “AAAF” yaşayış kompleksinin bərbad yollarına isə xüsusi yazı həsr etmək olar.

Qazanmaq, gəlir götürmək üçün bütün vasitələrə əl atan “AAAF İnşaat” ərazidəki yolları sahmana salmaq üçün xərc çəkməyə ehtiyac görməyib. Ona görə də yayda toz-duman, payızda-qışda isə palçıq və gölməçələr həmin yolları “keçilməz” edir. Dəfələrlə yazılıb-göstərilməsinə baxmayaraq, şirkət bu “yol rəzaləti”ni hələ də görməməzliyə vurur.

Yeniçağ.az
Analitik qrup

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 123
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."