Bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:
– tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
– həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
– faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.