Vətəndaşla imzaladığı müqavilə öhdəliklərini yerinə yetirməyən tikinti şirkətinin özbaşınalığı növbəti faciəyə səbəb olacaqdı.
Yenicag.az xəbər verir ki, Daməd Ağayev adlı şəxs Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yaşadığı binanın damına çxaraq, intihara cəhd edib (ARB).
Məlumata görə, Ağayevin intihara cəhd etməsinə səbəb Mənzil Tikinti Kooperativindən (MTK) narazılığıdır.
Vətəndaş bildirib ki, 2006-cı ildə “Aslan” MTK-ya 45 000 manat ödəyərək, sənəddə sahəsi 81 kv.m göstərilən mənzil alıb. Lakin bir neçə il sonra evində təmir işləri aparmaq istəyəndə, mənzilin real sahəsinin 68 kv.metr olduğu üzə çıxıb.
Bundan başqa, mənzildə kommunal təchizat da yerində olmayıb:
“İllərdir ki, bu problemim həll olunmur. “Aslan” MTK-dan yeganə istəyim odur ki, ödədiyim məbləğə uyğun evimi mənə qaytarsın”.
Təxminən 2 saata qədər davam edən indisentə Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri müdaxilə edib. Nəticədə intihara cəhd edən Daməd Ağayev heç bir xəsarət almadan xilas olunub.
Hadisə yerində iştirak edən MTK-nın rəhbəri vəzifəsini müvəqqəti idarə edən Tahir Manafov isə açıqlama verməkdən yayınıb.
Gülşən Şərif