“Bəzi hallarda işçilərin mövcud iş saatından artıq işlədilməsi, əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinə heç də həmişə riayət olunmaması tikintidə ölümlə nəticələnən bədbəxt hadisələrin təəssüf ki, hələ də davam etməsinə rəvac verir. Digər tərəfdən, həmin bədbəxt hadisələr daha çox tikinti sahəsində peşəkar və mütəxəssis olmayanların başına gəlir. Bu da ondan qaynaqlanır ki, şirkətlər bir çox hallarda mütəxəssis olmayan, yoldan keçən hər hansı bir fəhlə və ustanı da işə götürürlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tikinti sahəsində ölümlə nəticələnən hadisələrin hələ də davam etməsinə münasibət bildirərkən Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə deyib:
“Əslində ötən illərlə müqayisədə tikinti zamanı baş verən bədbəxt hadisələr, ölüm halları müəyyən qədər azalıb. Bu da onunla bağlıdır ki, həmin istiqamətdə fəaliyyət göstərən dövlət qurumları tərəfindən nəzarət gücləndirilib. Lakin bununla yanaşı, tikintidə ölüm hallarının qarşısını almaq üçün təhlükəsizliklə bağlı qanunların daha da sərtləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu istiqamətdə nəzarətin daha da gücləndirilməsi vacibdir. Bədbəxt hadisələr əksər hallarda texniki təhlükəsizlik tədbirlərinin görülməməsi və işə sayğısız yanaşma ilə bağlı olur. Bir çox hallarda tikinti şirkətləri tərəfindən hələ də əməyin mühafizə qaydaları tətbiq olunmur. Məsələn, hündürmərtəbəli binalarda işləyən işçilər üçün xüsusi geyimlər alınmalıdır. Yaxud da binanın fasadında xüsusi təhlükəsizlik setkaları asılmalıdır. Bundan əlavə, işə götürən işçidən sağlamlıq haqqında tibbi arayış də tələb etməli,işçilər vaxtaşırı icbari tibbi müayinədən keçməlidirlər. Fövqəladə Hallar Nazirliyinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizliklə bağlı qaydaları” müəyyən edilib ki, burada işə götürənlə işçi arasında münasibətlərin tənzimlənməsi qaydaları öz əksini tapıb. Xüsusi mütəxəssislər tərəfindən işçilərə təhlükəsizliklə bağlı təlimlər keçirilməlidir, onlar hər gün təlimatlandırılmalıdır. Amma əksər hallarda bunları müşahidə etmirik”.
Digər tərəfdən, ekspert bildirib ki, küləyin sürəti saniyədə 15 metri keçdikdə iş dayandırılmalı olduğu halda, bu şərtə də ciddi əməl olunmur:
“İşçilər mühafizə vasitələrilə təmin olunmalıdırlar. Ümumiyyətlə, texniki təhlükəsizlik qaydalarına daha geniş ölçüdə riayət olunsa, bədbəxt hadisələrin sayı minimuma enər. Ona görə də, təhlükəsizliklə bağlı mövcud qayda və qanunların tətbiqi istiqamətində iş daha da gücləndirilməlidir. Gecə saatlarında tikintidə işə gəldikdə isə, buna hər hansı bir məhdudiyyət qoyulmayıb. Amma məsələ ondadır ki, əmək məcəlləsinə görə işçi 7 saat işləməli olduğu halda, onu 10-12 saat işlədirlər ki, bunun da bir hissəsi günün qaranlıq vaxtına düşür. Bu qədər işləyən işçidə müəyyən yorğunluq yaranır ki, onun özü də bəzi hallarda müəyyən neqativ hadisələrin baş verməsinə belə deyək ki “şərait” yaradır”.
Qeyd edək ki, ötən gün gecə saatlarında Səbail rayonunda “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılaraq ölüb. Təəssüf ki, görülən tədbirlərə rəğmən hələ də tikintidə bədbəxt hadisələrlə nəticələnən olayların şahidi olmaqda davam edirik. Bir müddət qabaq “Absheron Citi” yaşayış kompleksinin tikintisi zamanı da anoloji bədbəxt hadisə baş vermişdi.
ELÇİN