“TikTok”da narkotik təbliğ edən 11 nəfərdən XƏBƏR VAR – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib.

DİN-dən Yenicag.az-a bildirilib ki, nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər – Fərid Bağırov, Orxan Hüseynov, Kərim Zeynalov, Tərlan Dəmirov, Riad Misirli, Əli Əliyev, İlkin Cəfərov, Elçin Rüstəmov, Kamil Əliyev, Qurbanəli Əlizadə və Yusif Zairov qısa zamanda saxlanılıblar. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.

Qeyd edək ki, bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəmələrə göndərilib.