“TikTok”una bax qızı(nı) al – Cəvahir Nehru yazır

 

Əvvəllər qız alıb, qız verəndə valideynlər “kəşfiyyata” çıxar, gələcək gəlinlərinin, yaxud da kürəkənlərinin necə biri olduğunu qonum-qonşudan soruşub, məlumat toplayardılar.

Bir qisim də “anasına bax, qızını al, qırağına bax bezini al”, yaxud da “anası gəzən budağı balası budaq-budaq gəzər” kimi atalar məsəlinə söykənib, qərar verərdilər. İndi dövr, zəmanə dəyişib. Atalar sözləri, qohum-qonşudan soruşmaq adəti tarixə qovuşub. Belə götürəndə heç buna görə qohum-qonşunu da narahat etməyə dəyməz. Çünki daha müasir metodlar var.

Məsələn, “anasına bax, qızını al” yox, “TikTok”una, yaxud da “paylaşımına, bax, qızını al”, məncə, daha praktikdir. Elə təkcə bir fotosu, videosu ilə belə özünü, xarakterini, simasını ortaya qoyan insanlar var. Məsələn, bir qızı, yaxud da oğlanı tanımaq üçün məncə, bir paylaşımı kifayət edir ki, biləsən, o hansı “yuvanın quşu”dur. Bəyənmədiymiz sosial şəbəkələrin, sürətli internet əsrində yaşamağımızın bir avontajı da bundadır

Hər kəsin simasını üzə çıxarır. Ən azı burdan basa-basa hansısa kəndə gedib, bir qızın ailə dəyərlərinə nə dərəcədə uyğun gəlib-gəlməməsini yoxlamağa ehtiyac da qalmır. Qarşında pürrəng çay, elçi düşmək istədiyin bir qızın paylaşdığı fotolara, statuslara baxırsan və söykəndiyi “dəyərlərdən” də xəbərdar olursan.

Arada da “performansına bərəkəllah” deyib dodaqaltı qımışırsan, eynin açılır. Hərçənd bu telefon, internet, soisal şəbəkələri icad edənlərin yeddi arxa dönənini söyənlər də çoxdur. Amma atasına rəhmət oxuyanlar da… İnsan nə qədər özünü gizləməyə çalışsa da paylaşımı mütləq onu ələ verəcək, xislətini ortaya qoyacaq.

Odur ki, məndən sizə bir nəsihət, anasına yox, məsələn, elə “TikTok”una baxıb qızı alıb-almayacağınıza qərar verin.

COP29