“Tillerson ABŞ-ın “Kürd siyasəti”nin bütün detallarını üzə çıxartdı” – Politoloq

“ABŞ-ın ötən əsrin 90-cı illərində kürdlərlə bağlı yürütdüyü siyasət mərhələ-mərhələ ötürülərək, indiki vəziyyətin yaranması ilə nəticələnib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın dövlət katibi Reks Tillersonun şimali İraqdakı kürd muxtariyyatının lideri Məsud Bərzaniyə yazdığı gizli məktubu şərh edən politoloq Araz Aslanlı deyib.

Tillerson bu il sentyabrın 23-də (kürdlərin “Müstəqillik referendumu”ndan 2 gün əvvəl yazdığı həmin məktubda ABŞ-ın kürdlərə dəstəyini davam etdirəcəyini vurğulamaqla bərabər, proseslərin inkişafında səsvermənin nəticələrini tanıyacaqlarını bildirib:

“Bundan əlavə, müzakirələr prosesinə dəstəyimizi daha da açıq şəkildə göstərmək üçün irəli sürdüyümüz bu təklifin ən qısa müddət ərzində BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsinə, İngiltərə və Fransa kimi kritik ortaqlarımızın da bu məsələdə yaxından iştirakının təmin edilməsinə hazırıq.

Bu prosesin ciddi nəticələrinin olacağına və hətta əksinə, sizin məqsədlərinizə daha tez çatmağınıza yardım edəcəyinə inanırıq. Əlavə olaraq bildirim ki, belə bir fürsət nadir hallarda ələ düşür.

Əlbəttə, prosesin sonunda danışıqlar qarşılıqlı olaraq qəbul edilə bilər. Lakin bir nəticə əldə edilməzsə və ya Bağdadın danışıqları rədd etməsi səbəbilə uğursuzluq yaşanarsa, keçirtdiyiniz referendumu tanıyacağıq”.

Göründüyü kimi, bölgə kürdlərinin siyasi və hərbi baxımdan təşkilatlandırılmasında İsraillə birlikdə həlledici rol oynayan ABŞ bu fəaliyyətini bacardığı qədər inkar etsə də, Tillersonun bu məktubu Vaşinqtonun gerçək siyasətini tam mənada üzə çıxarır.

Tillersonun qeyd olunan məktubunu Yenicag.az-a şərh edən politoloq Araz Aslanlının fikrincə, ABŞ dövlət katibinin bu addımı Amerikanın kürdlərə yönələn siyasətinin bütün qaranlıq məqamlarına işıq salır:

“Tillersonun Bərzaniyə yazdığı məktub ABŞ-ın Yaxın Şərqdə cərəyan edən proseslərdə kürdlərin yeri və roluna yönələn siyasətini bütün detalları ilə ortaya qoyur.

Qeyd etmək lazımdır ki, ABŞ-ın bu siyasəti və kürdlər üçün müəyyənləşdirdiyi rol yaxın illərdə deyil, hətta I Körfəz Müharibəsinin gedişində formalaşdırılıb.

Xatırladım ki, 1991-ci ildə – I Körfəz Müharibəsindən sonra ABŞ İraqın şimal ərazilərini (32-34-cü paralelləri) Bağdad hökumətinin nəzarətindən çıxararaq, orada kürd muxtariyyətini yaratmaqla bugünkü proseslərə zəmin hazırladı.

Yəni ABŞ-ın ötən əsrin 90-cı illərində kürdlərlə bağlı yürütdüyü siyasət mərhələ-mərhələ ötürülərək, indiki vəziyyətin yaranması ilə nəticələnib.

ABŞ-ın o zaman müəyyənləşdirdiyi kürd siyasəti hətta o həddə çatdı ki, Amerika özünü kürdlərin təmsilçisi hesab edən terrorçu qruplara, ilk növbədə isə PKK-ya hərtərəfli ( silah, texnika, kəşfiyyat məlumatları və loqistika sahəsi) yardım göstərməyə başladı.

Türkiyə bu vəziyyətə dəfələrlə etirazını bildirsə də, NATO üzrə müttəfiqi olan ABŞ Ankaranın narahatlığını nəzərə almayaraq, terrorçulara dəstəyini dayandırmadı. O baxımdan, ABŞ-ın hazırda kürdləri dəstəkləməkdə davam etməsi və bu məsələdə onlara həmişə kömək əli uzadacağı vədi təəccüb doğurmamalıdır.

Tillersonun Bərzaniyə yazdığı məktubun əsas cəhəti budur ki, həmin yazı ilə ABŞ-ın diplomatik gedişlərlə pərdələdiyi kürd siyasətinin bütün detalları üzə çıxdı”.

A.Zeynalov

COP29