“Tillersonun istefası Trampın əleyhinə işləyəcək” – Ekspert

ABŞ prezidenti Donald Tramp dövlət katibi Tillersonu istefaya göndərdi. Qeyd edək ki, Tramp 1 ildən çoxdur ki, hakimiyyət başındadır. Bu müddət ərzində onun komandasında təmsil olunan çoxsaylı rəsmilər ya istefaya gedib, ya da göndərilib. Tillerson dövlət katibi postuna gəldikdən sonra ən tez istefaya göndərilən ilk nazirdir.

Baş verən hadisəni Yenicag.az-a açıqlamasında dəyərləndirən politoloq Qabil Hüseynli bildirdi ki, Tillersonun istefaya göndərilməsi tezliklə, Trampın öz əleyhinə işləyəcək:

“Tillersonun istefaya göndərilməsi ABŞ tarixində çox biabırçı bir məsələdir. Özü də Tillerson vəziyyətin gərgin olduğu bir zamanda uzaqlaşdırılıb. Bu mənada həmin istefa ABŞ və Trampın özü üçün də rüsvayçılıqdır. Trampın açıqlamasına görə, Tillersonu bir sıra xarici məsələlərdə aralarında olan fikirayrılığına görə vəzifəsindən uzaqlaşdırıb.

Bu fikirayrılığı da Rusiya və İrana münasibətdə özünü daha qabarıq şəkildə göstərirdi. Tillerson görüşlərin birində prezidentin məlumatsızlığına işarə vuraraq, təəssüf içində olduğunu bildirmişdi. O, qeyd edirdi ki, prezident xarici siyasət məsələlərində həddən artıq naşı adamdır, yəni bir növ Trampı “avam” adlandırıb. Elə bunun özü də onun istefaya göndərilməsinə səbəb olub. Zənnimcə, Tillersonun işdən azad edilməsi Amerika siyasətində bomba effekti yaradacaq. Bu da bilavasitə Trampın öz əleyhinə çevriləcək. Baş verən bu proses həmçinin, Trampın impiçment məsələsini yaxınlaşdıra bilər”.

ELÇİN

COP29