Qazaxıstan Xarici İşlər Nazirliyi rusiyalı jurnalist Tina Kandelakinin Qazaxıstanda rus dilinin zorla çıxarıldığını bildirən açıqlamalarına münasibət bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov yanvarın 22-də keçirdiyi brifinqdə bildirib. O, jurnalistlərin ötən həftə Qazaxıstanı rus dilinə qarşı ayrı-seçkilikdə ittiham edən rusiyalı teleaparıcı Tina Kandelakinin ölkəyə girişinə icazə verilib-verilməyəcəyi ilə bağlı sualını cavablandırıb.
“Dövlət bunu heç vaxt bağışlamır. O, Qazaxıstana gəlməyəcək, gəlsə, buraxılmayacaq”, – XİN nümayəndəsi bildirib.
Daha sonra Smadiyarov bunları əlavə edib:
“Hər birinə diqqət yetirsək, vaxtımız qalmaz. Ən təhqiredicisi odur ki, bura qonşu ölkədir, dostlarımızın ölkəmizdən xəbəri yoxdur. Çünki onların bizim haqqımızda verdiyi məlumatlar düzgün deyil. Sosial şəbəkələrdə münaqişəyə girməkdənsə, işimizi davam etdirək”.
Xatırladaq ki, rusiyalı teleaparıcı Tina Kandelakinin bu fikirləri Qazaxıstanda böyük səs-küyə səbəb olub.
2022-ci ilin iyununda Qazaxıstan Xarici İşlər Nazirliyi “Qazaxıstana girişi arzuolunmaz şəxslər” siyahısının mövcudluğu barədə məlumat verib.
Daha sonra Xarici İşlər Nazirliyi bu siyahıya media meneceri və təbliğatçı Marqarita Simonyanın əri, rusiyalı təbliğatçı Tiqran Keosayanın daxil olduğunu bildirib.
Xuraman Etibarlı