“Tofiq Bayramın bacısı Elmira xanım özünü hər zaman ailəsi üçün fəda etməyə hazır bir Azərbaycan xanımı idi” – Məlahət Qurbanova

 

publika.az1418716939tofiq-bayramXəbər verdiyimiz kimi, tanınmış şairimiz Tofiq Bayramın bacısı, Azərbaycanın məşhur pedoqoqlarından olan Elmira Bayramova vəfat edib. Dünən bu barədə xəbəri yayımladıqdan sonra redaksiyamızla əlaqə saxlayan mərhumun ailə dostu, iş adamı Məlahət Qurbanova öz xatirələrini bölüşmək istədiyini bildirdi:

“Mən Bayramovlar ailəsini uzun illərdən bəri tanıyıram. Əmircanı bir sənət ocağına çevirən, Azərbaycanın bütün korifeylərini, sözün əsl mənasında söz-sənət ocağının qaymaqlarını həmişə Tofiq Bayramın həyətində görmüşəm. Dəyərli şairimiz Elmira xanımı bir başqa çox istəyirdi. Sanki bu bacısında həm də anasını görürdü. Bildiyiniz kimi, xalq artisti Şovkət Ələkbərovanın oxuduğu “Vağzalı çalınır” mahnısının sözlərini də Elmira bacısına ithaf etmişdi. Elmira xanım sadəcə görkəmli pedoqoq deyildi, həm də gözəl ailə başçısı idi. Bilirsiniz, atalarımız “yuvanı dişi quş qurar” deyib. Elmira xanım məhz yuva quran, ailəsinə, övladlarına son dərəcə bağlı bir insan idi. Onunla bağlı bir xatirəni bölüşmək istəyirəm. Bilirsiniz ki, sovet dönəmində Azərbaycandan kurorta getmək ənənə idi. Qızı danışır ki, atamın biz anadan olduqdan sonrakı kurort şəkillərində anamı görmədikdə, anamdan bunun səbəbini soruşdum. Anamın cavabı belə oldu: “Axı sizi qoyub gedə bilməzdim”. Bəli, Elmira xanım övladlarına belə bağlı insan idi. O, özünü hər zaman ailəsi üçün fəda etməyə hazır bir Azərbaycan xanımı idi. Məkanı cənnət olsun demirəm, çünki sevgili Peyğəmbərimiz cənnətin Elmira xanım kimi anaların ayaqları altında olduğunu söyləyib. Mən başda dəyərli Svetlana xanım olmaqla, bütün ailə üzvlərinə səbr diləyirəm.  Allah qəni-qəni rəhmət eləsin”.

Yenicag.az