İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Musavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.
Yenicag.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.
“Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq”, – o əlavə edib.
Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.