“Tofiq Yaqublunun azadlığa buraxılması çox müsbət addımdır” – AXDP sədri

“İki dəfə həbsdə olmuş adamın üçüncü dəfə yenidən həbsxanaya salınmasının əleyhinəyəm”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmasına dair qərarını şərh edən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

AXDP sədrinin sözlərinə görə, Tofiq Yaqublu haqqında belə bir qərarın qəbul edilməsi çox müsbət addımdır:

“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması qərarına çox sevindim. Çoxları bilir ki, Tofiq yaxşı insandır. Bilirsiniz, həm də Tofiqin artıq o yaşı deyil ki, getsin həbsxanada yatsın, indi onun evində olan vaxtıdır.

Ümumiyyətlə, iki dəfə həbsdə olmuş adamın üçüncü dəfə yenidən həbsxanaya salınmasının əleyhinəyəm. Hər halda, dörd divardansa, evdə olmağı daha yaxşıdır.

Onu da deməliyik ki, dövlətin Tofiqlə bağlı edilmiş çoxsaylı müraciətlərə müsbət yanaşması təqdir olunmalıdır. Bu qərarı qəbul edənlərə öz minnətdarlığımı bildirirəm”.

Aqil Bəkir