TOGG-dan daha “sürətli” FIRILDAQ: 3 nəfər həbs edildi

Xəbər verdiyimiz kimi, Türkiyənin ilk milli avtomobili TOGG-un satışına başlanılıb. İlk avtomobil Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, ikincisi isə Azərbaycan Prezidenti İlham Əliyevə satılıb.

Yenicag.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, avtomobil satışları başladığı gündən bunu fürsət bilən fırıldaqçılar da iş başına keçiblər.

Belə ki, Mərsində TOGG avtomobili almaq istəyən vətəndaş internet vasitəsilə bank hesabına ödəniş etdikdən sonra aldadıldığını anlayaraq polisə müraciət edib. Yatırılan 60 min lirəni bank hesabından çəkmək istəyən fırıldaqçılar polisin operativ əməliyyatı ilə saxlanılıblar.

Araşdırmalar zamanı aydın olub ki, saxlanılan 4 şəxs 21 nəfərdən ümumilikdə 1 milyon 316 min 500 lirə alıb.

Saxlanılan şəxslərdən üçü həbs edilib, bir nəfərə isə şərti cəza verilib.