Toğrul Əsgərov Dünya Kubokunda iştirak etmir

Bu gün İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. 12 nəfərlə yarışa qatılan millimizin heyətində nədənsə, Olimpiya çempionu Toğrul Əsgərova yer verilməyib. İddialara görə, Olimpiya çempionumuz karyerasını başa vurub.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan Yeniçağ.az-a verilən məlumatda bildirilir ki, idmançımızın karyerasına son qoymaq xəbəri yanlışdır:

“Toğrul Əsgərov zədəli olduğu üçün heyətdə yer ala bilməyib”.

Qeyd edək ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi komandamız ilk görüşdə Rusiya ilə üz-üzə gəlib. Ümumi hesab 4:4 olub. Xal hesabında isə komandamız 32:29 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, idmançılarımız bir azdan Gürcüstan millisi ilə üz-üzə gələcək.

Aygün
Yeniçağ.az