Tokayev: Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

Yenicag.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir. Fürsətdən istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm. Səsvermənin nəticələri Azərbaycan liderinin xalq tərəfindən dəstəkləndiyini və onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi. 2022-ci ildə Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən mənada təkanverici oldu. İlk növbədə, bu, mənim ölkə başçısı kimi Azərbaycana ilk səfərim idi. İkincisi, bu səfər, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbulu əməkdaşlığımızın yeni mərhələsinin başlanğıc nöqtəsi oldu. Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”, – Tokayev vurğulayıb.

“Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata keçirilir. Ənənəvi qarşılıqlı fəaliyyət mexanizmləri ilə yanaşı, Qazaxıstan-Azərbaycan Ekspert Şurası, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası yaradılıb və fəaliyyət göstərir. Bakıya səfərim çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası işə başlayacaq və biz onun ilk iclasını keçirəcəyik. Normativ-hüquqi baza tədricən genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Qarşıdan gələn səfərim zamanı növbəti mühüm sənədlər paketi imzalanması üçün hazırlanır. Təbii ki, bu, qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək. 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) artıb. Bu, parlaq dinamikadır və biz dövriyyə həcminin artırılmasını davam etdirməyi planlaşdırırıq. Bizim portfoliomuza həm ölkələrimiz, həmçinin bütün region üçün vacib olan bir sıra layihələr daxildir. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünü aid etmək olar. Bir sıra birgə təşəbbüslər ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və turist axınının artırılmasına hədəflənib. Ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır. Əminəm ki, birgə səylərlə bu məqsədə nail olacağıq”, – Qazaxıstan Prezidenti qeyd edib.

COP29