Tokio olimpiadasının məşəli Yaponiyada alovlandırıldı

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli bu gün təhlükəsiz şəkildə Yaponiyaya çatdırılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli ictimai televiziya xəbər yayıb.

Bildirilib ki, məşəli Yunanıstandan gətirən təyyarə Miyagi bölgəsinə planlaşdırılmış vaxtdan 1 saat tez çatsa da, güclü külək tədbirin xeyli gec başlamasına səbəb olub.

Mərasimdə Tokio-2020-nin Təşkilat Komitəsinin sədri Yesiro Mori, Yaponiya Milli Olimpiya Komitəsinin sədri və yerli cüdo federasiyasının prezidenti Yasuxiro Yamasita, cüdo üzrə 3 qat olimpiya çempionu Tedaxiro Nomura və sərbəst güləş üzrə 3 qat olimpiya çempionu Saori Yesida iştirak ediblər. Rəsmi şəxslərin çıxışlarından sonra T.Nomura və S.Yesida birlikdə məşəli alovlandırıblar.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi martın 12-də keçirilib. Həmin tədbir də ilk dəfə azarkeşsiz baş tutub. İyulun 24-də start götürməsi planlaşdırılan Tokio olimpiadası avqustun 9-da başa çatacaq.