“Tolkuçka”dakı alver edənlərə adamın yazığı gəlir” – Fazil Mustafa

“Ölkədəki inhisarçılıq aradan qaldırılmayınca rəqabətsiz mühit davam edəcək”

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafa bildirib ki, ölkədə iqtisadi inkişaf üçün normal mühit yaradılmalıdır:

“Hər kəs gördü ki, ötən gün prezident Sumqayıtda böyük bir müəssisənin açılışında iştirak etdi. Bu o deməkdir ki, çoxlu sayda iş yeri açılıb. Ancaq sanki hansısa qara əllər ölkədə dövlət səviyyəsində görülən bu işlərin əhalinin aşağı təbəqəsinin ondan faydalanmasına imkan vermir. Bir neçə gün əvvəl “talkuçka” deyilən ticarət mərkəzlərində oldum. Orada alver edən ticarətçilərə yazığım gəldi. Orada heç bir alver yoxdur. Onlar orada ziyana işləyirlər. Bu da onunla bağlıdır ki, əhalinin əlində nəğd pul kütləsi yoxdur. Bu da ondan xəbər verir ki, ölkədə inhisarçılıq hələ də yüksək səviyyədədir. Rəqabət məcəlləsi üçüncü oxunuşda Milli Məclisə göndərilsə də, hələ də müzakirə olunmayıb. Tezliklə rəqabət məcəlləsinin qəbul edilməsi lazımdır. Ölkədə təbii inhisarları çıxmaq şərti ilə yerdə qalan inhisarlar aradan qaldırılmalıdır”.

Turizm sektorundakı problemlərlə bağlı isə Fazil Mustafa bunları deyib:

“Təsəvvür edin, Azərbaycanda özəl sektora o qədər maneələr yaradılıb ki, hətta turizm obyektləri də dövlət vəsaiti hesabına tikilir. Halbuki, Gürcüstanda bu işləri özəl sektorun təmsilçiləri həyata keçirirlər. Xarici investorlar da ora pul qoyurlar. Ona görə ki Gürcüstanda məhkəmə və hüquq mühfizə orqanlarında aparılan islahatlar nəticəsində bu orqanlar özəl sektora, biznesə müdaxilə edə bilmirlər. Azərbaycanda da belə bir mühit yaradılmalıdır. Nəhayət özəl sektorun sözün əsl mənasında tam inkişaf etməsi üçün gərəkən addımlar atılmalıdır”.