Azərbaycanın “Topaz” bukmeyker şirkəti istifadəçiləri şirnikləndirmə yolu ilə “oyun”a cəlb edir.
Yenicag.az xəbər verir ki, ölkənin qanuni mərc oyunları sahəsində uzun müddət əldə saxladığı inhisarçı mövqeyi itirən “Topaz” öz istifadəçilərini stimullaşdırmaq üçün “aldadıcı güzəşt”dən yararlanır.
Digər bukmeyker şirkətlərinin fəaliyyətə başlaması və azart oyun həvəskarlarına “Topaz”la müqayisədə daha sərfəli təkliflər təqdim etməsi səbəbindən, keçmiş monopolist itirdiyi mövqeləri geri qaytarmaq üçün müxtəlif yollara əl atmaq məcburiyyətində qalıb.
Həmin “variant”lardan biri də istifadəçilərə kütləvi reklam sms-i göndərərək onları “cəlbedici bonus”la mərc oyununa şirnikləndirməkdir. Konkret desək, “Topaz”ın bir neçə gün əvvəl istifadəçilərə göndərdiyi sms-də bu bilgi yer alıb. Dilimizin qrammatik və orfoqrafik qaydalarına məhəl qoyulmayan o mesajı orijinalda diqqətinizə çatdırırıq:
“ETOPAZDA yeni heyecan!Yayın son ayina ozel olaraq her heftenin bazarertesi ve cume gunleri 15 AZN ve ustu depozite 15AZN bonus hediyye”.
Amma şirkətin istifadəçilərə yönəlik sayqısızlığı qrammatik xətalarla məhdudlaşmır. Yuxarıdakı mesajın göndərilməsindən bir qədər sonra “Topaz”dan yeni və əvvəlki şərtlərin üstündən xətt çəkən yeni sms yayımlandı. Şirkət öncəki mesajda yer alan “15 AZN bonus”u artıq “15%” ilə əvəzləmişdi:
“Onceki sms nezere almayin. Anlayisiniz ucun tesekkur edirik. Kampaniya sertleri bunlardir. Bazarertesi ve cume gunleri 15AZN ve ustu depozite 15% bonus hediyye”.
Təbii ki minimum 15 manat və o məbləğin 15 faizi arasında çox böyük fərq var. Təsəvvür edin, “Topaz”ın haqqında danışılan ilk sms-ni oxuyub həvəslənərək hesabına minimum 15 manat yatıran istifadəçi 2-ci mesajı oxuyub nə etməlidir? İstifadəçinin nə edəcəyi bilinməsə də, lüğətindəki bütün qeyri-senzuranı “Topaz”a yönəldəcəyi şübhəsizdir.
“Topaz” isə belə ucuz blefləri ilə özünün daralan istifadəçi çevrəsini daha da kiçildir…