Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Torpaq – üstündə hündürmərtəbəli bina tikilərsə, vətəndir?!

“Torpağı satmısız, torpağınızı qoyub gəlmisiniz” kimi iyrənc cümlələrin işlədildiyi cəmiyyətdə “Şərurlu İsfəndiyar”ın Aprel şəhidinin evini əlindən alması heç də təəccüblü olmamalıdır. Bu, onun şəhidə, vətən uğrunda canından keçən Sənan Axundovun ailəsinə verdiyi “dəyərdir”.

Bizə əzəldən öyrədilən budur ki, torpaq – uğrunda ölən varsa, vətəndir! Amma görünən odur ki, oliqarx üçün torpaq tamamilə fərqli anlayışdır. Onun üçün torpaq – əgər üstündə hündürmətəbəli bina tikilərsə, vətəndir!

Əsla onun malını-mülkünü saymaq niyyətində deyiləm. Riyazi biliklərim bunun üçün yetərli olmaya bilər. Mənim üçün onun övladının maşın kolleksiyasında hansı bahalı markaların olması da maraqlı deyil. İşləyib, tikib, qazanıb və öz səltənətini qurub. Sağlığına qismət olub-olmayacağı isə Allahın əlindədir. Buna biz qarışa bilmərik.

Zatən dilənib onun mal-mülkündən pay istəyən də yoxdur. Sadəcə, şəhid ailəsi halal zəhməti ilə aldığı mənzili tələb edirdi. Şəhidin aliliyini unudan İsfəndiyar bəy isə bunu etmək əvəzinə, məhkəməyə üz tutaraq, özünü hansı yollarlasa “haqlı” çıxardı. Nəticədə formalaşan mənfi imicini daha da korladı. Əmin olun ki, 50-100 min manat onun üçün heç nədir. Şəhid ailəsi haqsız olsaydı belə, “Şərurlu İsfəndiyar” edəcəyi jestlə alqış qazana bilərdi. O isə məsələdən xəbərdar olanların qarğışını qazandı.

Yenə də sağ olsun, Azərbaycanın birinci xanımı, ölkənin Vitse-prezidenti Mehriban Əliyeva! Məsələdən agah olar-olmaz, şəhid ailəsinin yeni mənzillə təmin olunması üçün müfaviq göstərişlərini verdi. Bax beləcə, Axundovlar ailəsi də anladı ki, bu məmləkət “Şərurlu İsfəndiyar”lardan və yaxud da onun xislətində olan özbaşına oliqarx, məmurlardan ibarət deyil. Bu vətəndə şəhidlərə dəyər verən, onun ailəsinə sahib çıxan biriləri var.

Torpaq həqiqətən də müqəddəs varlıqdır. Hər adama bu müqəddəs varlıq uğrunda ölmək nəsib olmur. Amma reallıq odur ki, hər canlının ölümü dadacağı həyatda “Şərurlu İsfəndiyar” da bundan sığortalanmayıb. Bütün var-dövlətini satsa belə, bunu edəcək sığorta şirkəti tapa bilməz.

Bu gün “Şərurlu İsfəndiyar” dəbdəbəli villalarda, saraylarda yaşaya bilər. Amma əmin olun ki, bir gün torpağın altında vaxtı ilə hansısa yataqxanada yaşamış biriylə qonşu olacaq. Bax ora kasıbla varlı arasında ayrı-seçkilik edilmədiyi, “Şərurlu İsfəndiyar”ın əl-qolunun “bağlandığı” yeganə yerdir.

Bax o zaman torpaq onun üçün fərqli anlam daşıyacaq. Bir vaxtlar pul verib, üzərində binalar tikdirdiyi torpaq “Şərurlu İsfəndiyar”ın son mənzili – məzarı olacaq. Dar, qaranlıq və soyuq məzar… İnsan bədəninin çürüməyə başlaması üçün neçə saat lazımdır ki?

Emin Səfərov

www.yenicag.az

1313