Torpaqların qanunsuz istifadə hallarına qarşı monitorinqləri davam etdirir

скачанные файлыƏmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Bu istiqamətdə həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.
Belə ki, komitənin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda növbəti monitorinq və reydlər keçirib. Bu zaman Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir və nəticədə narazılıqların meydana gəlməsinə gətirib çıxarır. Azərbaycan Respublikası Prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanmışdır. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra özbaşına tikinti hallarının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4000 manat, 8000 manat və 40000 manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Reydlər zamanı məlum olub ki, Abşeron rayonunda 104 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib. Lakin bu torpaqlardan 50 hektar ərazi müxtəlif vətəndaşlar tərəfindən qanunla qadağan olunmasına baxmayaraq (yəni dövlət qeydiyyatına alınmadan) hasarlanıb. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb.

Həmçinin torpaq reydləri zamanı Hövsan-Türkan yolunun şimal tərəfində, ayrı-ayrı şəxslər tərəfindən təqribən 1,9 hektar torpaq sahəsi heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq, hasarlanıb və müxtəlif tikinti işləri aparılıb.
Monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.

Qeyd edilməlidir ki, 2016-cı ildə torpaq müfəttişləri tərəfindən 500-ə yaxın torpaqlarda istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Bu hallar əsasən dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində zəbt etmələr, hüquqi rejiminə zidd istifadə halları, habelə torpaqların təyinatına uyğun olmayaraq süni balıq göllərinin, daş və gil-çınqıl karxanaları yaradılması, torpağın üst münbit qatının korlanmasıdır. Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri və müfəttişlər tərəfindən belə hallara dair 930-dan çox hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilmiş, 230-dan çox halla bağlı inzibati protokol tərtib edilmiş, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.

Xatırladaq ki, torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir.

Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.