Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda torpaq fondunun dəqiq uçotu aparılması, vaxtilə verilmiş torpaq sahələri üzərindəki uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqların icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi artıq bir sıra tədbirlər həyata keçirir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə artıq başlanılıb və hazırda bu iş uğurla davam etdirilir.
Komitə tərəfindən Sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı 27 yanvar 2016-cı il tarixində İctimai Təqdimat keçirilib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimat çərçivəsində Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması Layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib və slaydlar nümayiş etdirib. Torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqların aradan qaldırılması və bu Sistemin ölkə iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına səmərəsi barədə ictimaiyyətə məlumat verilib.
Qeyd olunan işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Bu sahədə yeni texnologiyalar tətbiq edilir, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından, həmçinin coğrafi mövqeləndirmə stansiyaları və aerokosmik çəkiliş materiallarından istifadə olunur, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Torpaq tədqiqatı, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi ilə bağlı tədbirlər görülür.
Xidmət rəisi qeyd edib ki, respublikanın 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi uğurla davam etdirilir və yaxın bir ay ərzində bu iş yekunlaşacaqdır. Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır. Rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb. Hazırda Şəki rayonunda icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq. Bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb.
İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb.
Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir.
Uçot Sisteminin proqram təminatının yaradılması işinə ötən il başlanılıb və bu işin cari ildə yekunlaşdırılması nəzərdə tutulub.
Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması nəticəsində respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq.
Torpaq fondunun dəqiq uçotu işinin nəticəsində ölkənin ərzaq təhlükəsizliyi məqsədi ilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşəcək. Respublikanın torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaranacaqdır. Eyni zamanda torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaranacaqdır. Dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı istehsalatının regionlar üzrə ixtisaslaşdırılmasına dair daha düzgün qərarların verilməsi mümkün olacaqdır.