Torpaqlaşan igid ömrü – Anar Turan yazır

Ötən il nəinki Azərbaycanın hərb, eyni zamanda yeni tarixinə qızıl hərflərlə həkk olunan hadisələr baş verdi.

Hadisələr onu görə deyirik ki, Vətən müharibəsinin başlama səbəbləri, başlanması və bitməsi, alınan nəticələr sanki vahid bir orqanizm kimi o qədər sistemli baş verdi ki, bunu hadisələr kimi qeyd etsək daha məntiqli olar. 27 ildən çox düşmən tapdağında qalan ərazilərimiz bir-birinin ardınca sanki “domino effekti” tək azad edildi. Qədim xalq dastanımız olan “Kitabi-Dədəm Qorqudda” deyildiyi kimi, düşmən basıldı.

Müqəddəs amallarla…

Birinci Qarabağ müharibəsində ermənilərin qorxulu röyasına çevrilən, “Yəhudi buterbrodu” kimi məşhurlaşan dəqiq atəşləri ilə düşməni tar-mar edən şəhid milli qəhrəmanımız Albert Aqarunovun layiqli davamçıları İkinci Qarabağ müharibəsində də öz əməlləri ilə tarix yazdılar. 44 günlük müharibədə fədakar tankçılarımız öz manevr və dəqiq zərbələri ilə düşmənin başına sözün həqiqi mənasında bəla olmağı bacardılar. Onların arasında şəhid Rufiz Budaqovu qeyd etmək vacibdir. Əlbəttə, onun haqqında yazmaq bizim üçün nə qədər çətin olsa da, mənəvi borc məsələsidir. Düşmənin 27 il sanki lövbər saldığı yurd yerlərimizdən çıxarılmasında, qovulmasında, məhv edilməsində minlərlə əsgərimiz, zabitimiz öz canı və qanı bahasına tarix yazdı. Rufiz də onlardan biri kimi əbədiləşdi. Rufizin üzərində böyük məsuliyyət var idi. Çünki o, həm döyüşçü kimi fiziki göstəricilər ortaya qoymalı, həm də ağıl, bilik, dərrakə tətbiq edərək dəqiq zərbələrlə düşməni məhv etməliydi. Rufiz Azərbaycan Ordusunun vaxtıllə ən çox itgi verdiyi, ən gərgin döyüşlərin getdiyi yerlərdən birində — Murovdağ istiqamətində döyüşlərə qatılmışdı. Vaxtılə 2 mindən çox döyüşçümüzün şəhid olduğu, torpağa qarışdığı Murovdağ əməliyyatı yenidən başlamışdı…Bu dəfə isə fərqli şəkildə… Baxmayaraq ki, düşmənin güclü müdafiə sistemləri əvvəlkilərdən də üstün formada orada  cəmləşmişdi. Lakin bu dəfə o sistemlər mütləq yarılmalıydı.  Füzulidə beton tunellər, maneələr illərə dayanan və hər il daha da keçilməsi çətinləşdirilən müdafiə xəttləri, Kəlbəcərdə təbii istehkamlar sayılan hündür dağlar, sərt qayalar, keçilməz dərələrlə yanaşı bütün Qarabağ ərazisində illərə dayanan müdafiə qüvvələrini yarmaq heç də asan deyildi. Bu baxımdan, Rufizgilin əsas işi ermənilərin bütün gücü ilə qarşılarına çıxardığı qüvvələri darmadağın etmək və müdafiələrini yarmaq idi. Belə də oldu. Rufiz və dəstəsi ən ağır döyüşlərin öhdəsindən gələrək düşmən səngərlərinin, istehkam qüvvələrinin çoxluq təşkil etdiyi ermənilərin Kəlbəcər müdafiə xəttinin yarılmasında mühüm xidmətlər göstərir, onları böyük tələfata uğradaraq irəli gedirlər. Həmin günlərdə televiziya kanallarımız düşməndən ələ keçirilmiş hərbi qənimətləri, onlardan azad edilmiş torpaqlarımızı nümayiş etdirirdi. Hərbiçilərimizin getdiyi yolları, tankların, həbi konvoyların üzərində gedən qələbə ruhlu hərbiçilərimizi görəndə sevincdən ürəyimiz dağa dönürdü. Lakin belə bir məqamda şəhidlərimizin xəbərlərini də eşitmək, özümüzü toxtaq tutmağımıza baxmayaraq, bizi daxilən sarsıdırdı. Bu xəbərlərin içində Rufizin də adı var idi. Düşmən cəbhəsinin yarılmasında müstəsna xidmətlər göstərən, torpağı müqəddəs bilib ölümün üzərinə gedən Rufiz Budaqovun…

Ağır və tükürpədici döyüşlərdə onun da tankı düşmənlər tərəfindən vurulmuşdu. Əlbəttə, Rufiz şəhid olmamışdan öncə öz missiyasını tam yerinə yetirmişdi. Onsuz da şəhidlərin hərəsi bir missiya daşıyıcısı olur və bir yerə qədər Tanrı tərəfindən mükəlləf edilir. Rufizin də döyüş yolu bura qədər idi və şəhadətə qovuşduğu məkana qədər yerinə yetirdiyi missiya düşmənin belinə vurulmuş elə bir zərbə idi ki, yağılar bunu asanlıqla qaldıra bilməyəcəkdi və bilmədi də. Çünki Rufiz və şəhid olmuş döyüş yoldaşlarından sonra Ordumuz həmin istiqamətdə ancaq irəli getdi və Azərbaycanın üçrəngli bayrağını işğal altında qalmış torpaqlarımıza yenidən sancdı.  Bir sözlə, ordumuz Rufizin timsalında bütün şəhidlərimizin  qanını, şanını yerdə qoymadı…

Şəhidimizi daha yaxından…

Budaqov Rufiz Şirzad oğlu 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. Hələ məktəb illərindən yüksək əxlaqi keyfiyyəti, vətənpərvərliyi, davranışı, fiziki cəhətdən hazırlığı ilə məktəb rəhbərliyinin, müəllimlərin, sinif yoldaşlarının hörmətini qazanmışdı. Erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi hamı kimi Rufizin də həyatına dərin təsir etmişdi. Vətənə məhəbbət, erməni vandallarına qarşı nifrət, torpaqlarımızın işğaldan azad edilməsi, günahsız soydaşlarımızın qisasını almaq arzusu bütün vətənpərvər gənclər kimi Rufizin də hərbçi olmasına gətirib çıxarır. Buna görə də o, 1995-1998-ci illərdə həqiqi hərbi xidmətdə olduqdan sonra 1998-1999-cu illərdə Tank Komandir məktəbində hərb sənətinə yiyələnir. 1999-cu ildən gizir rütbəsi alan Rufiz 2004-cü ilədək tank komandiri vəzifəsində çalışır. 2004-cü ildə səhhəti ilə əlaqədar təqaüdə göndərilsə də, qəlbində olan Vətən sevgisi 2012-ci ildə tam müalicədən sonra onu yenidən hərb sahəsinə geri qaytarır. 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak edir. Döyüşlərdə göstərdiyi igidliyə görə yoldaşları arasında “Alov” ləqəbli döyüşçü kimi sevilir, “Qüsursuz xidmətlərinə görə” 3-cü və 2-ci dərəcəli medallarla təltif olunur. İkinci Qarabağ müharibəsi başlayanda şiddətli döyüşlərə qatılaraq düşmənə ağır zərbələr vurur və qəhrmancasına şəhid olur. Cənazəsi minlərlər insanın iştirakı ilə İkinci Fəxri Xiyabanda dəfn olunur.  Ailəli idi. İki qız, bir oğlan yadigar qaldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə, 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən şəhərin Binəqədi rayonu ərazisində yerləşən küçələrdən biri şəhid tankçımızın adına əbədilədirilib.

Əlbəttə, bütün bunlar Rufizi bizə qaytarmasa da, onu sevənlər üçün, o cümlədən şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların etdikləri misilsiz qəhrəmanlıqların mükafatlandırılması baxımından qismən də olsa təsəllidir.

O, “təpədən-dırnağa” milli mühitdə böyümüşdü…

Rufiz haqqında şəhidimizin dayısı Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, birinci Qarabağ müharibəsinin iştirakçısı Səftər Rəhimli ilə söhbətləşdik. O dedi: “Rufizlə yaş fərqimiz çox deyil, demək olar ki, biryerdə böyümüşdük. O, böyük bacım Bəyim xanımın oğludur. Rufiz doğulanda mən ilk dəfə dayı olmuşam. Ailələri olduqca milli ənənələrə bağlı olublar. Mühit bir insanın yetişməsi üçün çox önəmlidir. Rufizin mühiti təpədən dırnağa qədər milli olmuşdur. Ona görə də bu hisslər onun canına, qanına yerimişdi. Həmişə deyərdi ki, hərbi sahəni seçməsində mənim və qardaşlarımın, yəni, dayılarının böyük rolu olmuşdur. Biz, Rufizin dayıları dörd qardaş olaraq birinci Qarabağ müharibəsində müxtəlif bölgələrdə savaşın qaynar nöqtələrində olmuşuq. Mən döyüşdə yaralandım və qısa müddət sonra yenidən hərbçi yoldaşlarımın yanına qayıtdım. Qardaşım Heydərin idarə etdiyi BMP vurulmuşdu və o yaralanmışdı. Sağaldıqdan sonra yenidən öz ərizəsi ilə müharibəyə qatıldı və ikinci dəfə ağır yaralandı. Hazırda Qarabağ müharibəsi əlilidir. Hətta bir haşiyə çıxım ki, qardaşım Heydər ikinci dəfə yaralananda onu Ağdam xəstəxanasının morquna gətirirlər. Xəstəxana həkimi Habil Şirinov siyahıya baxir ki, həlak olanların adları arasında Heydər Rəhimovun da adı var. Heydər həmin həkimin qardaşı Kamil Şirinovla birlikdə döyüşürdü və ona görə ailələri də onu yaxından tanıyırdı. Beləcə, həkim morqa enir bir bir yoxlama apararaq Heydərə çatır və görür ki, bədən istidir lakin özündə deyil. Həkim təcili onu oradan çıxardır və müdaxilə edir. Qardaşım tez bir zamanda Gəncəyə daha sonra Bakıya gətirilir. Az müddətdən sonra Heydər özünə gəlir. Yəni, deməyim odur ki, şəhidimiz Rufizin evdə eşitdiyi mövzular, söhbətlər bunlar idi. Belə bir mühitdə böyüdü. Bütün bunlar onun gələcək hərbçi və düşmənə qarşı barışmaz şəxsiyyət kimi yetişməsində önəmli rol oynadı.

Hərbi hissə komandirinin dediyinə görə Rufiz tank komandiri kimi böyük təcrübəyə malik idi və özünü 2016-ci Aprel döyüşlərində şücaətilə sübut etmişdi. Onun həyatı tanka sonsuz maraqdan ibarət idi. 2020-ci il Vətən müharibəsində  o ən qaynar nöqtələrdə döyüşdü. Şəhid olmamışdan bir gün öncə danışdıq. Müharibənin ilkin günləri idi…Sonda sadəcə bir şey söylədi ki, burada ikinci yol yoxdur. Haqqınızı halal edin. Bir saat tez, bir saat gec ölməklə üz-üzəyik.. Yaxın dostlarının şəhid olduğunu bildirdi. Təbii ki, bu sözlərini ailəsi ilə bölüşmədim. Bir gün sonra zəng gəldi ki, başınız sağolsun Rufizin Tankı vurulub və o  şəhid olub. Allah Şəhidlərimizin ruhunu şad eləsin”.

Təsirlidir… Şəhidlərimizin ölümlə-olumun arasında saniyə tək məsafədə qaldıqlarını bilə-bilə düşmənin üzərinə getmələri, sinələrini bu torpaq yolunda irəli vermələri həqiqətən düşündürücü və ibrətamizdir. Ona görə deyirlər ki, ölümün ən gözəli şəhidlikdir. Çünki mahiyyətində bir amal, bir əqidə yolçuluğu var… Müqəddəs Quran kitabımızda Allah da buyurur ki, Şəhidlər ölmür, onlar diridirlər, fəqət biz bunu anlamırıq. İndi, fikir verin şəhidliyə həm dünya, həm də dini-mənəvi nöqteyi-nəzərdən baxdıqda bu məqamın nə qədər uca olduğu gün kimi aydın olur. Bu igidlərimizin torpaqlaşması, vətənləşməsidir desək yanılmarıq. Torpaq, yurd, vətən onu cani-könüldən qucaqlayıb qoruyanların, ona qarışanların, qovuşanların sayəsində vazkeçilməz olur.

Necə deyir, böyük Məmməd Araz ?

Ey daşlaşan, torpaqlaşan, ulu babam !

Bu günümdən dünənimə uzaqlaşan ulu babam !

Bəli, tariximiz bu şəhidlərin sayəsində yaranır, atalaşır, babalaşır, qədimləşir və nəhayət əbədiləşir !

Beləliklə, Rufiz Budaqovun timsalında şəhidlərimizin intiqamı alındı.. 8 noyabr tarixində Şuşa şəhəri düşmən işğalından azad edildi və 10 noyabr tarixində Ermənistan Azərbaycan qarşısında kapitulyasiyaya imza atdı. Rufizin də şəhid olduğu Kəlbəcər öz sahibinə qayıtdı. Artıq qələbəmizin bir ili tamam oldu. Ən böyük təsəllimiz odur ki, şəhidlərimizin ruhları şaddır. Şaddırlar ki, onların zəhməti yerdə qalmadı. Şəhid olduqları bala Vətən, ana Vətənə qovuşdu…

Anar Turan